Füzulidən olan deputat: "Artıq bir neçə saata qalibiyyətə əmin idik..."
İnsan həyatında elə tarixlər var ki, illər keçsə də, yaddaşlardan silinmir, əksinə, hər ötən il daha böyük qürur və duyğularla xatırlanır. 17 oktyabr – Füzulinin işğaldan azad olunduğu gün də məhz belə tarixi günlərdəndir.
İllərlə doğma yurdlarından, ata-baba torpaqlarından ayrı düşən füzulilərin həsrətinin sevinc göz yaşlarına çevrildiyi bu tarix xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunub.
Uzun illər doğma torpaqlarına qayıdacaqları günü gözləyən insanlar üçün 17 oktyabr sadəcə təqvimdə bir tarix deyil. Bu gün onların uşaqlıq xatirələrinə, böyüyüb boya-başa çatdıqları evlərinə, illərlə həsrətini çəkdikləri doğma yurdlarına yenidən qovuşmaq ümidinin reallığa çevrildiyi gündür.
Bəs füzulililər doğma yurdlarının işğaldan azad olunduğu günü necə xatırlayırlar?
Əslən Füzulidən olan Milli Məclisin deputatı Vüqar Bayramov Sfera.az-a açıqlamasında həmin tarixi günlə bağlı xatirələrini bölüşüb.
O bildirib ki, Vətən müharibəsinin ilk günü Füzuli rayonunun Horadiz şəhərində olub:
“Vətən müharibəsinin ilk günü mən Füzuli rayonunun Horadiz şəhərində idim. Həmin gün televiziya kanallarına verdiyim açıqlamalarda da bununla bağlı fikirlərimi bildirmişdim. O zaman da qeyd etmişdim ki, müharibənin bir neçə saatdır başlamasına baxmayaraq – mən, Füzuli sakinləri və bütün xalqımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə zəfərə imza atacağımıza, qələbə qazanacağımıza əmin idik.
Füzulinin işğaldan azad olunduğu gün bizim üçün bir qədər fərqli və qarışıq hisslərlə yadda qaldı. Çünki həmin gün mülki vətəndaşlarımız erməni silahlı qüvvələri tərəfindən atəşə tutulmuşdu. Gəncədə mülki vətəndaşlarımız arasında həyatını itirənlər, şəhid olanlar var idi. Bu səbəbdən həmin gün bir gözümüz ağlayırdı, bir gözümüz isə gülürdü. Bir tərəfdən mülki vətəndaşlarımızın şəhid olması bizi dərindən kədərləndirirdi, digər tərəfdən isə Füzuli şəhərinin işğaldan azad olunması böyük sevinc hissi yaşadırdı”.
O, doğulub boya- başa çatdığı kəndin işğaldan azad olunması xəbərini eşitməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Daha sonra mənim doğulub boya-başa çatdığım Aşağı Güzlək kəndi də işğaldan azad olundu. Orta təhsilimin bir hissəsi Füzuli şəhəri ilə, digər hissəsi isə doğulub boya-başa çatdığım kəndlə bağlıdır. Yəni mən həm Füzuli şəhərində, həm də Aşağı Güzlək kəndində orta təhsil almışam. Doğulub boya-başa çatdığım kəndin işğaldan azad olunması xəbərini eşitmək mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Həmin xəbəri böyük sevinc və qürur hissi ilə qarşıladım”.
Parlamentari işğaldan azad olunmuş Füzuli şəhərinə və doğma kəndlərinə ilk səfərindən də söz açıb:
“Füzuli şəhərinə və kəndimizə ilk səfərim isə müharibədən sonra baş tutub. Azad olunmuş ərazilərə səfərlər başladıqdan sonra mən də Füzuliyə səfər etdim. Prezident İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın iştirakı ilə Füzuli şəhərinin təməlqoyma mərasimi keçirildi. Mən də həmin təməlqoyma mərasimdə çıxış edərək Füzuli ilə bağlı fikirlərimi bölüşdüm”.
“Bu gün Füzuli tamamilə fərqli bir mərhələyə qədəm qoyub. Artıq şəhərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilərək istifadəyə verilib. Hava limanının tikintisi və istifadəyə verilməsi prosesi heç bir il çəkmədi. Demək olar ki, bu, dünyada ən qısa müddətdə inşa edilərək istifadəyə verilən beynəlxalq hava limanlarından biridir. Hazırda Füzulidə məskunlaşma prosesi həyata keçirilir və bu proses davam edir. Eyni zamanda, Füzulinin işğaldan azad olunmuş kəndlərində də məskunlaşmanın həyata keçirilməsi nəzərdə tutulur.
Bu gün biz Azərbaycan tarixinin şanlı günlərini yaşayırıq. Bütün bunları Müzəffər Ali Baş Komandanımıza və şanlı ordumuza borcluyuq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”, – deyə deputat fikrini sonlandırıb.
Şahanə






