Parlamentdə bu adların dəyişdirilməsi təklif edildi
Sovet dövründən qalan yaşayış məntəqəsi və küçə adlarının dəyişdirilməsi ilə bağlı təklif irəli sürülüb.
Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
O, tarixi irsin gələcək nəsillərə ötürülməsi məsələsinə toxunaraq sovet dövründən qalan adların da bu kontekstdə nəzərdən keçirilməli olduğunu bildirib:
“Sovxoz və kolxozlar da Azərbaycanın 70 illik sovet dövrünün bir hissəsidir. "Sovxoz 2” kimi adlar mövcuddur. Sovet dövründən qalan və hazırkı terminologiyaya uyğun olmayan adların dəyişdirilməsi məsələsi operativ şəkildə, kompleks həll edilməlidir. Bu, əlavə maddi vəsait xərclənmədən həyata keçirilə bilər”.
Deputat Pirşağı bələdiyyəsinin tərkibində olan, əhalisi 15 min nəfər olan yaşayış məntəqəsinin adının da müstəqil dövlətin mahiyyətinə uyğun olmadığını vurğulayıb.
O, müvafiq məsələyə diqqət yetirilməsinin faydalı olacağını bildirib.
Bəsti Rəfizadə






