Oktyabrda yay havası: "Azərbaycana isti hava kütləsi daxil olub"
Oktyabrın ortalarında Azərbaycanda havanın temperaturu xeyli yüksəlib. Bəzi günlərdə temperatur 25-30 dərəcə aralığında dəyişir.
Payız fəslinin davam etməsinə baxmayaraq yay havasını xatırladan temperaturun olması insanlarda bəzi suallar yaradıb: bu cür istilər mövsüm üçün normaldırmı, isti hava hansı meteoroloji amillərlə bağlıdır?
Mövzu ilə bağlı Sfera az-a açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirdi ki, hazırda oktyabr ayında keçid dövrünə xas hava şəraiti müşahidə olunur.
O dedi ki, ölkə ərazisində havanın temperaturunun yüksəlməsi isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində baş verir.

Onun sözlərinə görə, ötən günlərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, bölgələrdə isə 31 dərəcəyədək isti qeydə alınıb:
“Havanın temperaturu iqlim norması ilə müqayisədə 10 gün normadan yuxarı, 3 gün normadan aşağı, 1 gün isə normaya yaxın olub. Çoxillik meteoroloji müşahidə məlumatlarının təhlilinə əsasən, ən isti hava 2012-ci il oktyabrın 9-da qeydə alınıb. Həmin gün Bakıda havanın maksimal temperaturu 32,7 dərəcə isti olub”.
G.Məmmədova qeyd edib ki, həftə sonunadək ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir:
“Bununla belə, axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub-şərq küləkləri üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 23–28, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 26–31, dağlıq rayonlarda isə 21–26 dərəcə isti olacağı gözlənilir”.
G.Məmmədova deyib ki, yaxın günlərdə temperaturun kəskin dəyişməsi gözlənilmir:
"Bununla belə, payız fəslinə xas olaraq hava şəraitində dəyişikliklər mümkündür".
İradə Elsevər






