"Tractor FC" tərəfdarları ayağa qalxdı: Türkiyədəki tənqidlərə tutarlı cavab
Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi və dünyəvi təhsil qaydaları ilə bağlı Türkiyə cəmiyyətində bəzi kəsimlərin səsləndirdiyi əsassız tənqidlər Güney azərbaycanlı milli fəalların və "Tractor FC" (Tiraxtur) azarkeşlərinin sərt reaksiyasına səbəb olub. Şimali Azərbaycanın daxili qaydalarını hədəf alan bu yanaşmalara cavab olaraq, milyonlarla türk sevdalısının səsi olan "Tiraxtur" tərəfdarlarının səhifəsində kəskin və düşündürücü bir bəyanat yayımlanıb.
Sfera.az qardaş ölkədəki bəzi dairələrin nümayiş etdirdiyi ikiüzlü və ikili standartları ifşa edən həmin paylaşımın tam mətnini təqdim edir:
"Müsəlman ölkəsində məktəbli formasına görə "hicab qadağası var" deyib səs-küy salırsınız, amma yanı başınızdakı Türk düşmənçiliyinə göz yumursunuz?!
İranda 40 milyona yaxın Türk var, lakin yaşadıqları öz doğma torpaqlarında 100 ildən çoxdur ki, məktəblərdə Türk dilində təhsil tamamilə qadağandır! Heç kim öz ana dilində təhsil ala, sərbəst danışa bilmir.
İranda heç bir valideyn övladına rəsmən Türk adı qoya bilməz.
Heç bir soydaşımız öz şirkətinə, mağazasına və ya iş yerinə Türk adı verə bilməz. Siyahılarda yalnız fars və ərəb dilləri keçərlidir! Hətta ölkə prezidentinin belə öz ana dilində (türkcə) danışmasına min bir çətinliklə və senzura ilə icazə verilir!
Amma Azərbaycanda qanunun tələbi olan vahid məktəbli forması tətbiq edilir deyə, qardaş ölkədən bəziləri ayağa qalxıb öz qardaşlarına qarşı düşmən kəsildilər!
Niyə 100 ğildən çoxdur İranda müsəlman Türklərə qarşı tətbiq edilən bu amansız asimilyasiya siyasətinə, milli haqların tapdanmasına qarşı qətiyyən səsiniz çıxmır, bir dəfə də olsun etiraz etmirsiniz?!
Mədəm Müsəlman insanların hüquqları sizin üçün bu qədər önəmlidir, bu qədər insanlıqdan, din qardaşlığından dəm vurursunuz, bəs Güney Azərbaycanda hər gün hüquqları tapdanan milyonlarla insan müsəlman deyilmi?!
Niyə mövzu İran rejimi və orada əzilən Türklər olan kimi hamınız lal-kar olursunuz, susursunuz?!"
İradə Elsevər








