“İran Azərbaycanda qarşıdurma yaratmağa çalışır” - Müşfiq Abdulla
“Azərbaycanda məktəblərdə vahid forma və hicab məsələsi ətrafında yayılan məlumatlar dini və ideoloji müstəvidə təxribat məqsədilə istifadə olunur. Burada məqsəd ölkədə sosial və siyasi parçalanma yaratmaqdır”.
Bu sözləri siyasi şərhçi Müşfiq Abdulla Sfera.az-a İranın Azərbaycana qarşı informasiya müharibəsindən danışarkən bildirib.
Onun fikrincə, sosial şəbəkələrdə məktəblərdə hicabın qadağan edilməsi və baş örtüyündən istifadə edən şagirdlərlə müəllimlərin təzyiqə məruz qalması barədə yayılan məlumatların bu prosesin tərkib hissəsidir:
“İranın xarici siyasətində İslam inqilabının digər müsəlman ölkələrinə ixracı ideyası mühüm yer tutur. Bu yanaşma Azərbaycan cəmiyyətində dini zəmində qarşıdurma yaratmağa və dövlətin konstitusion əsaslarını zəiflətməyə yönəlib. Azərbaycan İranla münasibətlərdə mehriban qonşuluq prinsipinə üstünlük versə də, qarşı tərəfin ölkəyə münasibəti dəyişməyib”.

M.Abdulla deyib ki, Azərbaycanın İranla bağlı münaqişələr zamanı neytral mövqe tutmasına, öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməməsinə və humanitar yardım göstərməsinə baxmayaraq, İranın Azərbaycana qarşı münasibəti dəyişməyib. O, martın 5-də Naxçıvana dron hücumunu da bu kontekstdə xatırladıb. Şərhçi xüsusilə azyaşlıların dini və ideoloji təsir altına salınmasından narahatlığını ifadə edib:
“Uşaqların dini ayinlərə məcburi cəlb edilməsi, məktəbdən yayındırılması və dini şüarlar səsləndirməyə sövq olunması yolverilməzdir. Bu halların qarşısının alınması üçün həm uşaqlar, həm də valideynlər arasında maarifləndirmə işinin gücləndirilməsi vacibdir. Azyaşlı qızların baş örtüyü taxması məsələsi yalnız məktəblə məhdudlaşmır və problemin kökləri ailədəki dini tərbiyə ilə bağlıdır. Məktəblilərin dərsdən yayındırılaraq dini mərasimlərdə iştirak etməyə məcbur edilməsi onların təhsilinə və şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərə bilər”.
Şərhçi dövlət təhsil müəssisələrinin dindən ayrı olması prinsipinə diqqət çəkərək, məktəblərin dini təbliğat məkanına çevrilməməli olduğunu söyləyib. Onun fikrincə, uşaqların əsas vəzifəsi təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, cəmiyyətə savadlı və müstəqil şəxsiyyət kimi qazandırılmaqdır.
İradə Elsevər






