Ermənistan itkinlərin yerini demir: "Keçmiş hərbi strukturların arxivləri var"

Ermənistan itkinlərin yerini demir: "Keçmiş hərbi strukturların arxivləri var"
Kateqoriya məlum deyil
T

Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən 4 mindən çox insan itkin düşüb. Azərbaycanın bütün müraciətlərinə baxmayaraq Ermənistan tərəfi itkin düşənlərin taleləri, dəfn olunduqları yerlərlə bağlı hər hansı məlumat vermir.

Siyasi şərhçi Xasay Gəraylı Sfera.az-a açıqlamasında bildirib ki, bu məsələyə yalnız statistik rəqəm kimi yanaşmaq düzgün deyil.

Onun sözlərinə görə, söhbət minlərlə insanın taleyindən gedir və bu şəxslər arasında qadınlar, uşaqlar, ahıllar da var:

"Əsas məsələlərdən biri Ermənistan tərəfinin bu günə qədər lazımi məlumatları tam təqdim etməməsidir. Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, Ermənistan azərbaycanlı itkinlərin taleyi, kütləvi və fərdi dəfn yerləri barədə məlumat verməlidir. Hələ 2022-ci ildə Prezident qeyd etmişdi ki, Azərbaycan Ermənistan tərəfinə dəfələrlə müraciət etsə də, konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş etdirilməyib”.

X.Gəraylı qeyd edib ki, Ermənistanın “bizim məlumatımız yoxdur” arqumenti məsuliyyətdən yayınmaq üçün kifayət edə bilməz:

"Məsələ yalnız Ermənistan dövlətinin hazırda malik olduğu sənədlərlə məhdudlaşmır. Burada keçmiş hərbi strukturların arxivləri, döyüş əməliyyatlarının sənədləri, həmin dövrdə ərazidə olmuş şəxslərin ifadələri və dəfn yerləri ilə bağlı məlumatlar da nəzərə alınmalıdır”.

Siyasi şərhçi deyib ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə kütləvi məzarlıqların aşkarlanması itkinlərin bir hissəsinin taleyi ilə bağlı məlumatların üzə çıxarılmasının mümkün olduğunu göstərir:

“Prezident İlham Əliyev əvvəlki çıxışlarında bəzi kütləvi məzarlıqların yerləri barədə Beynəlxalq Qızıl Xaç Komitəsində şahid ifadələri və digər məlumatlar əsasında məlumatların olduğunu bildirib”.

Ekspert Azərbaycanın tələbinin Ermənistanın əlində olan məlumatları təqdim etməsindən, arxivlərin açılmasından, şahidlərin müəyyənləşdirilməsindən, kütləvi və fərdi dəfn yerlərinin koordinatlarının verilməsindən ibarət olduğunu vurğulayıb:

“Bu, siyasi alver mövzusu deyil. Bu, minlərlə ailənin öz doğmasının taleyini bilmək hüququdur. Azərbaycan tərəfi də itkin şəxslərlə bağlı üzərinə düşən işi həyata keçirir. Biz işğaldan azad edilmiş ərazilərdə qazıntılar aparırıq, insan qalıqlarını müəyyənləşdiririk, DNT analizləri həyata keçiririk və ailələrə cavab verməyə çalışırıq. Dövlətimiz bu məsələni gündəmdən çıxarmayıb və Prezidentin bugünkü çıxışında da açıq şəkildə bildirildi ki, itkin düşmüş heç bir vətəndaşımız unudulmur”.

O hesab edir ki, Ermənistanın qarşısında konkret vəzifə dayanır:

"Ermənistan sülh və regionda yeni münasibətlər qurmaq istəyirsə, keçmişin ağır humanitar nəticələri ilə bağlı əlində olan bütün məlumatları təqdim etməlidir. Çünki həqiqi barışıq yalnız siyasi sənədlərlə deyil, həm də itkin ailələrinin ədalət və həqiqətə çıxışının təmin olunması ilə mümkündür”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR