"Süni intelektə nəzarət itə bilər" - “OpenAI” rəhbəri xəbərdarlıq etdi
Süni intellekt (Sİ) şirkətlərinin ABŞ siyasətinə milyonlarla dollar xərcləməsi cəmiyyətin bu texnologiyaya münasibətinin yaxşılaşmasına səbəb olmayıb. “OpenAI” rəhbəri Sam Altman hesab edir ki, sənaye nümayəndələri insanların Sİ ilə bağlı narahatlıqlarına daha ciddi yanaşmalıdır.
Sfera.az xəbər verir ki, Altman bunu “Politico”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Sİ sənayesinin siyasətə böyük vəsaitlər yatırması texnologiyanın cəmiyyətdəki mənfi imicini dəyişmək üçün kifayət deyil. Altman bildirib ki, insanların narahat olduğu məsələlərə diqqət yetirilməli, yalnız siyasi xərclərlə münasibətin dəyişdirilməsinə çalışılmamalıdır.
“OpenAI” rəhbəri Sİ-nin “superintellekt” adlandırılmasının da insanların texnologiyaya münasibətini dəyişəcəyinə əmin deyil. O, bu terminin daha dəqiq ola biləcəyini desə də, bunun texnologiyanı insanlar üçün daha az qorxuducu edəcəyini düşünmür.
Altman həmçinin Sİ sistemlərinin yaratdığı bəzi risklərin tamamilə aradan qaldırılmasının mümkün olmadığını bildirib. Onun fikrincə, saxtakarlıq və digər sui-istifadə hallarının müəyyən səviyyədə baş verməsi mümkündür və texnologiyanın ümumi faydası ilə müqayisədə bəzi mənfi nəticələrin qəbul edilməsi lazım gələ bilər. Lakin nəzarətin itirilməsi daha ciddi riskdir və yüksək səviyyədə müstəqilliyə malik sistemlərin inkişafında ehtiyatlı olmaq lazımdır.
“OpenAI” rəhbəri özbaşına kiberhücum həyata keçirə bilən Sİ modellərinin yaradıcıları üçün yeni məsuliyyət qaydalarının tətbiqini də dəstəkləyib. O hesab edir ki, belə sistemlər real zərər vurduqda onların hazırlanmasına və təliminə cavabdeh şirkətlərin məsuliyyət məsələsi qanunvericilik səviyyəsində müəyyən edilməlidir.
Altman eyni zamanda Sİ sahəsində daha sərt tənzimləməyə açıq olduğunu bildirib. Bununla belə, o, qaydaların yalnız Ağ Ev və texnologiya şirkətlərinin rəhbərləri tərəfindən müəyyənləşdirilməsinin düzgün yanaşma olmadığını vurğulayıb. Onun fikrincə, Sİ ilə bağlı qərarların az sayda şirkət və ya şəxsin əlində cəmləşməsi də ayrıca risk yarada bilər.
Firuzə Əliyeva






