Hulusi Kılıç Azərbaycana dəstək verdi-Susun və yerinizdə oturun

Hulusi Kılıç Azərbaycana dəstək verdi-Susun və yerinizdə oturun
Kateqoriya məlum deyil
T

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2008–2012) Hulusi Kılıç Azərbaycanla bağlı sosial şəbəkələrdə səsləndirilən tənqidlərə münasibət bildirib.

Sfera.az xəbər verir ki, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycan və Prezident İlham Əliyevə qarşı yönələn tənqidləri məsuliyyətsiz və ədalətsiz adlandırıb.

O, iki ölkə arasında soyuqluq yaratmağa yönələn yanaşmaların qəbuledilməz olduğunu vurğulayıb.

“Azərbaycan müstəqil və suveren dövlətdir. Azərbaycanın daxili işlərinə və ya xarici siyasətinə qarışmaq heç kimin haqqı və ya həddi deyil. İstər bəyənin, istər bəyənməyin – susun və yerinizdə oturun”, – deyə Kılıç qeyd edib.

Hulusi Kılıç Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qardaşlıq prinsiplərinə əsaslandığını bildirərək, Azərbaycanın Türkiyəyə göstərdiyi dəstəyi də diqqətə çatdırıb.

O, Azərbaycanın Türkiyədəki investisiyalarını, təbii fəlakətlər zamanı göstərdiyi yardımları və xüsusilə 6 fevral zəlzələlərindən sonra həyata keçirdiyi dəstək tədbirlərini xatırladıb.

Kılıç, həmçinin Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafında rolunu vurğulayıb. O qeyd edib ki, 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə Görüşü Türk Şurasının yaradılmasında mühüm mərhələ olub.

Sabiq səfir Azərbaycan Prezidentinin Şimali Kipr Türk Respublikasına münasibətinə də toxunub. Onun sözlərinə görə, Azərbaycan ŞKTR-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv kimi qəbul edilməsini dəstəkləyib və iki ölkənin parlamentləri arasında dostluq qrupunun yaradılması təşəbbüsünü irəli sürüb.

Hulusi Kılıç Azərbaycan-İsrail və Azərbaycan-Fələstin münasibətlərinə də diqqət çəkib. O, Azərbaycanın həm İsraillə strateji əməkdaşlıq etdiyini, həm də Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirib.

Kılıç Azərbaycanın Fələstini 1992-ci ildə tanıdığını, Bakıda Fələstin səfirliyinin fəaliyyət göstərdiyini və Qəzzaya humanitar yardım göndərildiyini qeyd edib.

Sabiq səfir çıxışının sonunda Azərbaycanla bağlı tənqidlər səsləndirən şəxslərə çağırış edib:

“Azərbaycanın daxili işlərinə və ya onun digər ölkələrlə qurduğu münasibətlərə qarışmaq heç kimin haqqı və ya həddi deyil. Qardaşlığımıza zərər vurmağa çalışan şəxsləri ciddiyə almayın və onların səviyyəsinə enməyin”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR