"Qafqaz Albaniyası tariximizin mühüm hissəsidir" - Həsən Həsənov

Tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan tarixinin öyrənilməsi və milli tarixi irsin cəmiyyətə çatdırılmasının vacibliyindən danışıb.
Sfera.az xəbər verir ki, Azərbaycan Media və Yayım Şurasında keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda çıxış edən tarixçi Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı yanaşmalarını bölüşüb.
O bildirib ki, Qafqaz Albaniyasının tarixi irsi Azərbaycan tarixinin mühüm hissəsidir və bu irsin başqa xalqların tarixi ilə əlaqələndirilməsi və ya Azərbaycan tarixindən ayrı təqdim olunması düzgün deyil.
Tarixçi qeyd edib ki, Azərbaycan ərazisindəki qədim yaşayış məntəqələrinin və toponimlərin adlarının da tarixi baxımdan araşdırılması vacibdir:
"Sünik kimi qədim yer adlarının mənşəyi ilə bağlı məsələlər də bu baxımdan diqqətlə öyrənilməlidir. Ermənilər bu ərazilərin özlərinə aid olduğunu iddia edir. Lakin biz bilməliyik ki, bu toponimlərin bir çox qismi türk mənşəlidir və bizə məxsusdur".
O vurğulayıb ki, tarix yalnız keçmişdə baş vermiş hadisələrin öyrənilməsi deyil, həm də həmin biliklərin gələcək nəsillərə çatdırılmasıdır:
“Əldə etdiyim tarixi biliklərin yazılı və şifahi şəkildə cəmiyyətə çatdırılması əsas vəzifələrimdəndir. Mənim fikirlərim dinləyicilərdə yeni düşüncə formalaşdırır və onları tarixi məsələlər barədə düşünməyə sövq edirsə, mən bunu uğur hesab edirəm".
Tarixçi jurnalistlərin və gənc tədqiqatçıların tarixi məlumatların cəmiyyətə çatdırılmasında xüsusi rol oynadığını da diqqətə çatdırıb. O, çıxışı zamanı media nümayəndələrinə müraciət edərək tarixi məsələlərə münasibətdə qələm sahiblərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb:
"Azərbaycan xalqının öz keçmişini, tarixi hüquqlarını və milli irsini bilməsi, eyni zamanda bu biliklərin mediada və cəmiyyətdə yayılması mühüm əhəmiyyət daşıyır".
İradə Elsevər






