Ayda yadplanetli izləri – Alimlər yeri tapdılar

Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər.
Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq.
Sfera.az "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosda yerdənkənar texnologiyaların izlərini axtarırlar, lakin indiyədək heç nə aşkar etməyiblər.
Tədqiqat müəllifləri hesab edirlər ki, ola bilsin, artıq fəaliyyət göstərən yerdənkənar texnologiyalar mövcud deyil, çünki potensial yadplanetli sivilizasiyalar artıq yox olublar. Lakin bu texnologiyaların qalıqlarını Ayın səthində aşkar etmək mümkündür.
Atmosfer və maqnit sahəsinin olmaması səbəbindən Ay daim meteorit bombardmanına, eləcə də təkcə Günəş sistemindən deyil, onun hüdudlarından kənardan gələn mikroskopik hissəciklərin fasiləsiz axınının təsirinə məruz qalır. Ayda tektonik aktivlik və maye su olmadığı üçün bu hissəciklər onun səthindəki Ay tozunda qorunub saxlanılır.
Tədqiqat müəllifləri ehtimal edirlər ki, bu tozda çoxdan yox olmuş yadplanetli sivilizasiyaların texnologiyalarının kiçik fraqmentləri ola bilər. Dyson sferaları və ya yadplanetlilərin kosmik aparatları kimi nəhəng süni kosmik strukturların qalıqları yerdənkənar sivilizasiyanın məhvindən sonra dağıla, metal və ya digər süni materiallardan ibarət kiçik hissəciklər isə ağıllı yadplanetlilərin yaşadığı ulduz sistemlərindən güclü ulduz küləkləri vasitəsilə xaric edilə bilər. Uzun zaman ərzində onlar qalaktikada hərəkət edərək Günəş sisteminə çata və Aya düşə bilərdilər.






