Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR

Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR
Kateqoriya məlum deyil
T

Ali məktəblərə qəbul nəticələrinin açıqlanması ilə tələbələrin yaşayış məsələsi də gündəmə gəlib. Sentyabrın yaxınlaşması kirayə evlərə tələbin artacağı və qiymətlərdə dəyişiklik ola biləcəyi ilə bağlı suallar yaradıb.

Əmlak eksperti Ramil Osmanlı Sfera.az-a açıqlamasında bildirib ki, kirayə mənzil bazarında tələbin cüzi artımı belə hazırki şəraitdə qiymətlərə dərhal təsir göstərir. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri təklifin məhdud olmasıdır.

Ekspert qeyd edib ki, ilbəil şəhərsalma prosesləri nəticəsində köhnə yaşayış fondu sürətlə azalır və onun yerində daha bahalı mənzillər meydana çıxır. Bu da öz növbəsində bazarda qiymətlərin yüksəlməsinə səbəb olur.


Ramil Osmanlı əlavə edib ki, şəhərsalma proqramları çərçivəsində köçürülən vətəndaşlara ödənilən kirayə haqları da müəyyən qədər əlavə tələb formalaşdırır:


“Amma tələbə axını bunların hamısından fərqlənir. Bu mərhələdə daha çox qiymət artımı müşahidə edirik. Çünki gələn tələbələrin mütləq əksəriyyəti daha ucuz və ekonom mənzil fonduna müraciət edir. Burada da təklif azaldığına görə tələbin nisbi artımı belə dərhal qiymət artımına səbəb olur”.


Ekspertin fikrincə, qarşıdakı bir neçə həftə ərzində, xüsusilə sentyabr ayında, kirayə mənzil bazarında bu proses davam edəcək. O bildirib ki, qısamüddətli xarakter daşısa da, tələbə axınının qiymətlərə təsiri əhəmiyyətli olacaq.


R.Osmanlı kirayə qiymətlərində artımın 10 faizdən çox ola biləcəyini də istisna etməyib.

Qeyd edək ki, hazırda Bakıda kirayə mənzillərin qiymətləri əraziyə görə dəyişir. Səbail, Nəsimi və Nərimanov rayonlarında 1 otaqlı mənzillər əsasən 450-700 manat, 2 otaqlılar 600-900 manat, 3 otaqlılar isə 800-1200 manat aralığında təklif olunur. Tələbələrin daha çox üstünlük verdiyi 28 May, Gənclik, Nəriman Nərimanov, Elmlər Akademiyası, İnşaatçılar, 20 Yanvar və Sahil metro stansiyalarının ətrafında 1 otaqlı mənzillərin kirayəsi təxminən 350-650 manat, 2 otaqlılar 500-850 manat, 3 otaqlılar isə 700-1100 manat arasında dəyişir.

Yasamal və Xətai rayonlarında qiymətlər nisbətən daha münasibdir: 1 otaqlı mənzillər 350-550 manat, 2 otaqlılar 500-750 manat, 3 otaqlılar isə 650-1000 manat civarındadır. Binəqədi, Sabunçu, Suraxanı və Xəzər rayonlarında isə 1 otaqlı mənzillər 250-400 manat, 2 otaqlılar 350-550 manat, 3 otaqlılar 450-700 manat aralığında təklif olunur. Xırdalan və Abşeron ərazisində isə kirayə mənzillərin qiyməti təxminən 250-500 manat arasında dəyişir.

İradə Elsevər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR