Altı ayda təbii fəlakətlərdən 112 milyard dollarlıq ZİYAN

2026-cı ilin ilk yarısı dünyanın müxtəlif bölgələrində baş verən misli görünməmiş təbii fəlakətlər, dəhşətli zəlzələlər və anomal hava şəraiti ilə yadda qalıb.
Sfera.az bildirir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Meteorologiya Təşkilatı (WMO) və beynəlxalq təkrarsığorta nəhəngi "Munich Re"nin ilkin hesabatlarına əsasən, yanvar-iyun aylarında qlobal miqyasda təbii fəlakətlər nəticəsində 112 milyard ABŞ dolları həcmində iqtisadi zərər qeydə alınıb. Bu nəhəng məbləğin yalnız 44 milyard dolları sığortalanmış itkilərin payına düşür.
Ekspertlər bildirirlər ki, sığorta itkilərinin nisbətən aşağı görünməsi fəlakətlərin azlığı ilə deyil, iri şəhər mərkəzlərinin bu dəfə birbaşa zərbədən daha az zərər görməsi və sığortalılıq səviyyəsinin aşağı olduğu ölkələrdə baş verməsi ilə bağlıdır.
İlin ilk yarısının ən ağır və dağıdıcı tək hadisəsi 24 iyun tarixində Venesuelada qeydə alınan iki ardıcıl güclü zəlzələ olub. "Munich Re"nin ilkin qiymətləndirmələrinə görə, təbii təkanlar nəticəsində minlərlə insan həyatını itirib. Fəlakətin törətdiyi ümumi iqtisadi zərər təxminən 30 milyard ABŞ dolları təşkil etsə də, regionda sığorta səviyyəsinin aşağı olması səbəbindən sığortalanmış zərər 1 milyard dollardan az qiymətləndirilir. Bu isə ağır maliyyə yükünün böyük hissəsinin birbaşa dövlət və əhali tərəfindən qarşılanacağını göstərir.
İlin ilk aylarından etibarən ABŞ və Kanada ardıcıl təbii böhranlarla üz-üzə qalıb. ABŞ-nin mərkəzi və cənub ştatlarında şiddətli qasırğa, dolu və tornadolar yüzlərlə evi yerlə-yeksan edib, elektrik xətlərini sıradan çıxarıb və kütləvi təxliyələrə səbəb olub. "Munich Re"nin məlumatına görə, ilin ilk yarısında sığortalanmış qlobal itkilərin təxminən yarısı məhz ABŞ-dəki fırtınaların payına düşüb.
Kanadada isə meşə yanğınları böhran həddinə çatıb. İyulun sonuna olan rəsmi məlumatlara görə, ölkə ərazisində 900-ə yaxın aktiv meşə yanğını qeydə alınıb. Alovlar nəticəsində 3,7 milyon hektardan çox ərazi külə dönüb, xüsusilə yerli icmaların yaşadığı bölgələrdən genişmiqyaslı təxliyələr həyata keçirilib.
2026-cı ilin ilk 6 ayında təbii fəlakətlərdən ən çox zərər çəkən regionlardan biri də Afrika qitəsi olub. Yanvar ayında aramsız leysanlar ölkənin cənubunda genişmiqyaslı daşqınlara yol açıb. Ölkənin Fövqəladə Halların İdarə Olunması İnstitutu və Dünya Meteorologiya Təşkilatının (WMO) göstəricilərinə görə, fəlakət nəticəsində 146 nəfər həlak olub, 650 mindən çox insan (ümumi zərərçəkən sayı 600–800 min nəfər) böhrandan təsirlənib. Maputo, Xai-Xai və Çokve şəhərlərində 30 mindən artıq yaşayış evi dağılıb, dəmir və avtomobil yollarının sıradan çıxması humanitar yardımların çatdırılmasını iflic edib.
Yanvarın sonu və fevralın əvvəlində Madaqaskar və Mozambiki vuran siklon zamanı küləyin sürəti saatda 180 kilometrə çatıb. Hadisə nəticəsində 12 nəfər ölüb, milyonlarla dollarlıq infrastruktur və kənd təsərrüfatı sahələri məhv olub. Mart ayında Nayrobi də daxil olmaqla 30-a yaxın bölgədə başlayan daşqınlarda 112 nəfər həyatını itirib, 34 765 nəfər evini tərk etməyə məcbur olub və 6 953 ailə birbaşa ağır zərər görüb. Nayrobi Beynəlxalq Hava Limanında uçuşların qrafiki pozulub. Asiya qitəsi həm şiddətli seysmik aktivlik, həm də analoqu olmayan istilik dalğaları ilə mübarizə aparıb. Yaponiyada bir neçə güclü zəlzələ qeydə alınıb, sahilyanı rayonlarda sunami xəbərdarlıqları elan edilib. Yaponiyanın Meteorologiya Agentliyi tərəfindən ehtiyat tədbirləri çərçivəsində yüksək sürətli qatarların hərəkəti dayandırılıb, minlərlə sakin təhlükəsiz zonalara köçürülüb.
Cənubi Asiyada – xüsusilə Hindistanın Racastan, Dehli və Pakistanın Sind əyalətlərində may ayından etibarən temperatur 46°C-ni keçib. Elektrik şəbəkələri həddindən artıq yüklənib, günvurma diaqnozu ilə xəstəxanalara müraciətlər kəskin artıb. Parallel olaraq Çin və Filippində güclü leysanlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində on minlərlə insan təxliyə edilib, kənd təsərrüfatına ciddi ziyan dəyib. İyun və iyul aylarında Avropanı bürüyən rekord istilər qitə tarixinin ən təhlükəli təbii anomaliyalarından birinə çevrilib. "EuroMOMO" şəbəkəsinin verildiyi məlumata görə, təkcə Qərbi Avropada iyun ayındakı istilik dalğası zamanı 10 mindən çox əlavə ölüm baş verib.
Robert Kox İnstitutunun (RKI) göstəricilərinə görə, iyulun sonunadək istilərlə bağlı ölüm sayı 9 800 nəfərə çatıb (ölənlərin əksəriyyəti 75 yaşdan yuxarı şəxslərdir).
Fransada iyunun sonu və iyulun əvvəlində istilə səbəbilə 5 764 əlavə ölüm qeydə alınıb. Ölkədə tüğyan edən meşə yanğınları səbəbindən 220 mindən çox sakin təxliyə olunub. Böyük Britaniyada səhiyyə qurumları istilərlə bağlı ölüm sayının 2 877 nəfərə çatdığını və 2022-ci ilin rekord səviyyəsinə yaxınlaşdığını açıqlayıb. İspaniya, Belçika, Niderlandda "Reuters"in məlumatına görə, təkcə iyun istilərində bu ölkələrdə (Fransa daxil olmaqla) 4 700-dən çox əlavə ölüm baş verib.
İspaniyada 100 minə yaxın insan meşə yanğınlarına görə təhlükəsiz yerlərə köçürülüb. BMT, Dünya Meteorologiya Təşkilatı və sığorta ekspertləri bildirirlər ki, 2026-cı ilin ilk yarısında baş verən hadisələr iqlim dəyişikliyinin təsirlərinin daha da gücləndiyini sübut edir. Ekstremal hava şəraiti, daşqınlar və analoqsuz istilər əvvəlki illərə nəzərən daha geniş coğrafiyanı əhatə edir. Beynəlxalq qurumlar dünya dövlətlərini erkən xəbərdarlıq sistemlərini təcili gücləndirməyə və şəhərlərin infrastrukturunu iqlim dəyişikliklərinə dözümlü şəkildə yenidən planlaşdırmağa çağırır.
Firuzə Əliyeva






