İsti havada avtomobillər hansı halda yanır? - BUNA DİQQƏT

Yay aylarında ən çox müşahidə olunan problemlərdən biri də məhz avtomobil yanğınları ilə bağlıdır.
Son günlər Bakıda da avtobus və minik avtomobillərində baş verən yanğınlar bu mövzunu yenidən gündəmə gətirib.
İlk baxışda avtomobilin yalnız qəzaya düşdükdə alovlana biləcəyi düşünülsə də, statistika göstərir ki, nəqliyyat vasitələrinin əksəriyyəti hərəkətdə olarkən və ya hətta park vəziyyətində olarkən texniki nasazlıq səbəbindən yanır.
Bəs isti hava avtomobillərdə yanğın riskini nə dərəcədə artırır? Sürücülər hansı səhvlərdən çəkinməlidirlər?
Məsələ ilə bağlı nəqliyat eksperti Raqif Raufoğlu Sfera.az-a açıqlama verib. O bildirib ki, temperaturla bağlı faktlar çoxalır, amma səbəblər əsasən eyni qalır və bu, məhz istiliyə görə baş vermir:

“Məsələn, əgər maşında açıq şəkildə alışqan və ya buna bənzər əşyalar saxlanılıbsa, bəli, buna görə yanğın baş verə bilər. Alışqan partlaya bilər. Həmçinin dezodorant kimi məhsulları da çox isti havalarda və birbaşa günəş şüalarının altında saxlamaq olmaz. Amma ümumi səbəblər dəyişmir. Məsələn, avtomobil köhnədirsə, naqillər zamanla quruyur, köhnəlir və sıradan çıxır. Belə hallarda onlara vaxtında baxış keçirilməli, lazım gəldikdə dəyişdirilməlidir. Lakin daha çox rast gəldiyimiz səbəb sonradan edilən müdaxilələrdir. Adətən zavod istehsalı olan avtomobillərdə belə problemlər baş vermir. Amma sürücü sonradan əlavə avadanlıq quraşdırır, məsələn biri siqnal sistemi, biri fərqli işıqlar, digəri başqa lampalar qoyur. Əgər həmin işlər standartlara cavab verməyən naqillərlə görülübsə, günün birində qısaqapanma baş verir və avtomobil yanır”.
Mütəxəssis yanan avtomobilin hansı səbəbdən yandığının rəsmi qurumlar tərəfindən ictimaiyyətə açıqlanmasının zəruri olduğunu qeyd edib və bunun səbəblərini izah edib:
“Əslində istehsalçı bunu kifayət qədər nəzərə alır. Avtomobildə qoruyucular və avtomatik təhlükəsizlik sistemləri var. Ən pis halda qoruyucu işləyib sistemi dayandırmalıdır. Amma bunlar baş vermirsə, deməli, çox güman ki, avtomobilə sonradan qeyri-peşəkar müdaxilə olunub. Əsas səbəb də budur. Çox yaxşı olardı ki, yanan avtomobillərlə bağlı yanğının texniki səbəbi rəsmi şəkildə açıqlansın. Təəssüf ki, biz bu məlumatları əldə edə bilmirik. Məsələn, Fövqəladə Hallar Nazirliyi hadisə yerinə gəlir, yanğını söndürür və gedir. Amma avtomobilin niyə yandığı barədə açıqlama verilmir. Məsələn, səbəb naqil olub, yoxsa kimsə sonradan avtomobilə müdaxilə edib, bunlar göstərilmir. Əgər səbəb məlum olsa, məsuliyyət daşıyan şəxslər də məsuliyyətə cəlb edilə bilər. Təəssüf ki, bu baş vermir. Ən yaxşı variant avtomobilin kasko sığortasının olmasıdır. Sığorta şirkəti ödəniş edərkən məcburən yanğının səbəbini araşdırmalıdır. Hətta müəyyən olunsa ki, yanğın hansısa firmanın və ya ustanın lisenziyasız, yaxud texniki normalara uyğun olmayan işi nəticəsində baş verib, həmin tərəf də məsuliyyətə cəlb oluna bilər. Təəssüf ki, bizdə bu mexanizm praktikada işləmir. Əsas problem də budur ki, hadisə baş verir, yanğın söndürülür və məsələ bununla da bitmiş sayılır. Sürücü ya avtomobili təmir etdirir, ya da təmirə yararlı deyilsə, utilizasiyaya göndərir. Problem də məhz bundadır”.
Bəsti Rəfizadə
Sfera.az






