Heydər Əliyev mərkəzlərində kitabxanalar yaradılsın - TƏKLİF

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində kitabxanaların yaradılmasını vacib hesab edir.
Sfera.az xəbər verir ki, o, Milli Məclisdə keçirilən ictimai müzakirələrdə çıxışı zamanı bu təkliflə çıxış edib.
Komitə sədri bildirib ki, kitabxanalar xüsusilə tələbələr və məktəblilər üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, orta məktəb kitabxanalarının inkişafına da xüsusi diqqət yetirilməlidir.
Anar İsgəndərov qeyd edib ki, deputatlar bölgələrə səfərləri zamanı tez-tez Heydər Əliyev mərkəzlərində olurlar və həmin məkanlarda kitabxanaların fəaliyyət göstərməsi faydalı olar.
"Həqiqətən də Heydər Əliyev Mərkəzində kitabxananın olması hava və su kimi lazımdır", - o bildirib.
Komitə sədri vurğulayıb ki, rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi dövrdə belə kitabxanalar öz əhəmiyyətini itirmir və cəmiyyət üçün vacib maarifləndirici funksiyanı yerinə yetirməyə davam edir.
Firuzə Əliyeva
Sfera.az
