WUF13-də Bakının 2040 inkişaf strategiyası müzakirə olunub

Bakının gələcək inkişaf strategiyasında tarixi irsin qorunması və müasir urbanizmin vəhdəti əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.
Sfera.az xəbər verir ki, bunu Bakı Baş Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Formunun beşinci günündə "Bakının Baş Planı — 2040: WUF13-də şəhər bərpasının yeni erası" sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Bakı əsrlər boyu formalaşmış memarlıq və mədəni irsi özündə birləşdirən unikal şəhərdir və onun kimliyinin qorunması mühüm vəzifələrdən biridir. “Bakı öz simasını qoruyaraq müasirləşən və regionun ən diqqətçəkən şəhərlərindən biri olaraq qalır. Baş plan müasir şəhər inkişafı ilə tarixi irsin qorunması arasında harmoniya yaratmağı, tarixi memarlığı mühafizə etməklə yanaşı innovativ və dayanıqlı inkişafı təmin etməyi hədəfləyir”, – deyə o vurğulayıb.
Read Qasımov qeyd edib ki, şəhərsalma yalnız fiziki infrastrukturun qurulması deyil, həm də insanların daha rahat, təhlükəsiz və dayanıqlı mühitdə yaşamasına xidmət etməlidir. Onun sözlərinə görə, “Bakı Master Plan 2040” şəhərin gələcək inkişafında dayanıqlılıq, inklüzivlik və innovasiya prinsiplərinə əsaslanan mühüm yol xəritəsidir.
O həmçinin qeyd edib ki, şəhərlərin dayanıqlı və effektiv idarə olunması üçün nəqliyyat və mobillik sistemlərinin gücləndirilməsi əsas şərtlərdən biri hesab olunur. R.Qasımovun sözlərinə görə, müasir şəhər yalnız əlaqələndirilmiş və səmərəli nəqliyyat infrastrukturu ilə funksional şəkildə inkişaf edə bilər.
“Baş plan ictimai nəqliyyatın inkişafını, multimodal bağlantıları, yol sıxlığının azaldılmasını, həmçinin yaşayış, kommersiya və rekreasiya zonaları arasında daha güclü inteqrasiyanı prioritet hesab edir”, – deyə o vurğulayıb.
Read Qasımov qeyd edib ki, əsas məqsəd sadəcə mobilliyi yaxşılaşdırmaq deyil, daha balanslı urban mühit yaratmaqdır.
“Məqsədimiz insanların daha az vaxtını yolda keçirdiyi, daha çox yaşadığı, rahat və keyfiyyətli şəhər mühitindən faydalandığı urban struktur formalaşdırmaqdır”, – deyə o bildirib.
Qasımov əlavə edib ki, gələcəyin şəhərləri dayanıqlılıq, inklüzivlik və insan mərkəzli planlama üzərində qurulmalıdır.
Firuzə Əliyeva
Sfera.az
