“İqlimə uyğun mənzil siyasəti inklüziv olmalıdır” – EBRD rəsmisi WUF13-də

“İqlimə uyğun mənzil siyasəti inklüziv olmalıdır”.
Sfera.az xəbər verir ki, bu fikirləri Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun (SIG) assosiativ direktoru və qrup rəhbərinin müavini Lin O'Grady Ümumdünya Şəhər Forumunun (WUF13) dördüncü günündə çıxışı zamanı səsləndirib.
O bildirib ki, iqlim dəyişikliklərinə uyğun mənzil siyasətinin formalaşdırılması üçün yerli yanaşmalar mühüm rol oynayır. Onun sözlərinə görə, bu siyasət həm iqlimə uyğunlaşma, həm də emissiyaların azaldılması hədəfləri ilə uzlaşdırılmalıdır.
Lin O'Grady vurğulayıb ki, bu çərçivədə aşağı karbon emissiyalı və enerji səmərəli tikinti təcrübələrinin tətbiqi, dövriyyə iqtisadiyyatına əsaslanan və resurslara qənaət edən tikinti materiallarından istifadə, həmçinin təbiət əsaslı həllərin inteqrasiyası şəhərlərin dayanıqlığını artırmaq baxımından vacibdir.
EBRD rəsmisinin sözlərinə görə, mənzil və iqlim siyasəti arasında sağlam əlaqənin qurulması üçün strategiyalar inklüziv xarakter daşımalıdır:
“İqlimə uyğun mənzil strategiyaları həssas və marginal icmaların hüquqlarını, ehtiyaclarını və uyğunlaşma imkanlarını qorumağa yönəlməlidir”.
O əlavə edib ki, təbiət əsaslı həllərin mənzil siyasəti və layihələrinə sistemli şəkildə inteqrasiyası iqlim dayanıqlılığı, biomüxtəlifliyin qorunması və şəhərlərdə yaşayış keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Firuzə Əliyeva
Sfera.az
