Azərbaycanda yadda qalan terror hadisələri – XRONOLOGİYA

Azərbaycanda yadda qalan terror hadisələri – XRONOLOGİYA
Kateqoriya məlum deyil
T

 

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı hücumdan 17 il ötür.

 

30 aprel 2009-cu ildə Bakının mərkəzində yerləşən ali təhsil müəssisəsinin binasında törədilən terror hadisəsi ölkə ictimaiyyətini sarsıtmışdı. Silahlı şəxs universitetin binasına daxil olaraq mərtəbələr boyu insanlara atəş açmışdı. Nəticədə 12 nəfər həyatını itirmiş, 13 nəfər yaralanmışdı. Hücum edən şəxs daha sonra intihar etmişdi. Hadisə Azərbaycanın müasir tarixində ən qanlı terror aktlarından biri kimi yadda qalıb.

 

Bu faciə təkcə bir universitetə deyil, bütövlükdə cəmiyyətə qarşı yönəlmiş hücum kimi qiymətləndirilmişdi. Sonrakı istintaq nəticəsində hadisənin təşkilatçıları və əlaqəli şəxslərlə bağlı cinayət işi aparılmışdı.

 

Sfera.az Azərbaycanda yadda qalan digər terror aktları və cəhdlərini təqdim edir:

 

Bakı metrosunda terror aktları

 

Azərbaycan tarixində ən ağır terror hadisələrindən biri Bakı metrosunda baş verib. 19 mart 1994-cü ildə “20 Yanvar” stansiyası yaxınlığında metro qatarında partlayış törədilmişdi. Partlayış və 14 nəfər olmuş, 49 nəfər yaralanmışdı. 3 iyul 1994-cü ildə isə növbəti terror aktı törədilmişdi. “28 May” stansiyasından çıxaraq “Gənclik” istiqamətinə hərəkət edən qatarda partlayış baş vermişdi. Hadisə nəticəsində 13 nəfər ölmüş, 40-dan çox insan yaralanmışdı. Hər iki partlayış ölkədə böyük sarsıntı yaratmışdı.

 

Bakıdakı sinaqoqa terror planı

 

2007-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanları Bakıda yerləşən sinaqoqa qarşı planlaşdırılan terror hücumunun qarşısını alıb. Saxlanılan şəxslərin radikal qruplarla əlaqədə olduğu bildirilmişdi.

 

“Eurovision” ərəfəsində terror planı

 

2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi öncəsi təhlükəsizlik orqanları bir qrup şəxsi saxlamışdı. Rəsmi məlumata görə, həmin şəxslər yarışma zamanı terror aktları törətməyi planlaşdırırdılar. Əməliyyat zamanı silah və partlayıcı maddələr aşkarlanmışdı.

 

Gəncə hadisələri

 

2018-ci ildə Gəncə şəhərində icra başçısına silahlı hücum, daha sonra isə polis əməkdaşlarına qarşı törədilən zorakı hadisələr ölkədə təhlükəsizlik baxımından ciddi rezonans doğurmuşdu. Bunun nəticəsində hüquq-mühafizə əməkdaşları həlak olmuşdu.

 

Şuşa yaxınlığında terror

 

3 noyabr 2021-ci il tarixində Azərbaycanın Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbçilərinə əl qumbarası atılmışdı. Belə ki, qumbaranın partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə İkinci Qarabağ müharibəsindən sonra ilk terror aktı kimi qeydə alınıb.

 

Qeyd edək ki, Azərbaycan terrorizmə qarşı beynəlxalq əməkdaşlıqda iştirak edir, sərhəd təhlükəsizliyini gücləndirir, radikal qrupların qarşısının alınması istiqamətində mütəmadi əməliyyatlar keçirir.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ