"Sülh tezliklə olmayacaq" - Politoloq

"Axios" portalı mənbələrə əsaslanaraq məlumat yayıb ki, ABŞ və İran arasında tənzimləmə ilə bağlı danışıqların ilk raundu aprelin 10-da İslamabadda keçiriləcək. Məhz bu danışıqların nəticəsi olaraq sülh müqaviləsi bağlana bilər.
Bəs atəşkəs dövründə tərəflər arasında yekun sülh mümkündür?
Siyasi şərhçi Ülviyyə Zülfiqar Sfera.az-a açıqlamasında atəşkəs fonunda belə bir görüşün təşkilinin tərəflərin gərginliyin idarə olunmasına müəyyən maraq göstərdiyini ortaya qoyduğunu söyləyib.
Onun sözlərinə görə, bu cür danışıqların ilk mərhələdə daha çox mövqelərin yoxlanılması və qarşılıqlı niyyətlərin ölçülməsi xarakteri daşıdığı nəzərə alınmalıdır:
“Atəşkəs dövründə müsbət nəticə ehtimalı tam istisna olunmur, lakin bu, daha çox texniki və məhdud razılaşmalar səviyyəsində ola bilər. Çünki tərəflər arasında dərin etimadsızlıq, xüsusilə də nüvə proqramı, regional təsir dairələri və təhlükəsizlik məsələləri üzrə ciddi fikir ayrılıqları qalmaqdadır. Sülh perspektivinə gəldikdə isə, qısa müddətdə genişmiqyaslı və davamlı razılaşmanın əldə olunması real görünmür. Daha çox mərhələli və uzunmüddətli danışıqlar prosesi ehtimal olunur”.

Ü.Zülfiqar qeyd edib ki, bu prosesdə üçüncü tərəflərin-xüsusilə region ölkələrinin və vasitəçi aktorların rolu da mühüm olacaq:
“Görüş daha çox gələcək dialoqun əsasını qoyan ilkin addım kimi qiymətləndirilməlidir. Əgər tərəflər bu mərhələdə gərginliyi azaltmağa yönəlmiş kiçik, lakin konkret addımlar ata bilsələr, bu, növbəti mərhələlər üçün etimad mühitinin formalaşmasına zəmin yarada bilər. Lakin real və davamlı sülh üçün tərəflərin yanaşmalarında müəyyən yumşalma və qarşılıqlı kompromis əsas şərt olaraq qalır”.
Fidan Hacızadə
Sfera.az
