Bayramda kökəlməmək üçün nə edək? - Ekspertdən TÖVSİYƏ

Baharın gəlişini simvolizə edən Novruz bayramı süfrələrin bolluğu və müxtəlifliyi ilə seçilir. Bu günlərdə paxlava, şəkərbura, qoğal kimi şirniyyatlar, eləcə də yağlı və kalorili yeməklər süfrələrin əsasını təşkil edir.
Bayram əhval-ruhiyyəsi ilə insanlar adətən gündəlik qidalanma rejimindən kənara çıxır, bu isə xüsusilə həzm problemləri, artıq çəki və ümumi sağlamlıq baxımından müəyyən risklər yarada bilər. Buna görə də bayram günlərində həm ənənələri qorumaq, həm də sağlamlığı düşünmək arasında balans yaratmaq vacibdir.
Bəs ağır və kalorili qidalarla zəngin olan Novruz süfrəsində qidalanma rejimini necə düzgün qurmalıyıq?
Qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, Novruz bayramında süfrələr adətən plov, şirniyyatlar, qızartmalar və müxtəlif çərəzlərlə çox zəngin olur. Onun sözlərinə görə, bu bolluqdan düzgün istifadə etmək vacibdir ki, həm bayramın dadını çıxaraq, həm də sağlamlığımıza zərər verməyək:

“İlk növbədə, porsiya nəzarəti əsas qaydadır. Süfrədə hər şeydən dadmaq olar, amma az miqdarda. Xüsusilə plov, dolma, qızartma kimi yağlı və kalorili yeməkləri kiçik porsiyalarla qəbul etmək mədə-bağırsaq sisteminə düşən yükü azaldır. Qidalanma tezliyi də önəmlidir. Gün ərzində uzun fasilələrlə ac qalıb sonra çox yemək əvəzinə, qidaları 3 əsas və 1-2 ara yemək şəklində bölmək daha yaxşıdır. Bu, həm qan şəkərinin stabil qalmasına, həm də həddindən artıq yeməyin qarşısını almağa kömək edir. Şirniyyat və şəkərli qidalar Novruzun ayrılmaz hissəsidir (paxlava, şəkərbura və s.), amma onları əsas yeməkdən dərhal sonra deyil, ayrı vaxtda və az miqdarda qəbul etmək məsləhətdir. Əks halda həm həzm çətinləşir, həm də kalori yüklənməsi artır”.
Ekspert qeyd edib ki, maye qəbulu da diqqətdən qaçmamalıdır:
“Gün ərzində kifayət qədər su içmək həzmi yaxşılaşdırır və orqanizmin yüklənməsinin qarşısını alır. Şirin kompotlar və qazlı içkilər əvəzinə su və ya şəkərsiz bitki çaylarına üstünlük vermək daha faydalıdır. Hərəkətlilik də vacibdir. Bayram günlərində qonaqlıqdan qonaqlığa getmək, qısa gəzintilər etmək həzm prosesini sürətləndirir və qəbul edilən kalorinin bir hissəsinin sərf olunmasına kömək edir”. Müsahibimiz vurğulayıb ki, sonda isə ən vacib məqam bədənin siqnallarını dinləməkdir: “Toxluq hiss etdikdə yeməyi davam etdirməmək sağlam yanaşmadır. Novruzda qadağalarla yox, balansla qidalanmaq lazımdır: az-az, tez-tez, müxtəlif və nəzarətli. Bu yanaşma həm bayramdan zövq almağa, həm də sağlam qalmağa imkan verir”.
Niyaz Hacıyev
Sfera.az
