"Vitamin xəstəlikdən qorumur, bunları edin" - Həkimdən TÖVSİYƏ

"Vitamin xəstəlikdən qorumur, bunları edin" - Həkimdən TÖVSİYƏ
Kateqoriya məlum deyil
T

Mövsümi xəstəliklərin artması ilə valideynlər arasında uşaqlara həkim məsləhəti olmadan vitamin vermək tendensiyası yenidən güclənib.

 

Belə ki, əksər valideynlər uşaqlarının immunitetini gücləndirmək üçün müxtəlif qrup vitamin və qida əlavələrinə müraciət edirlər.

 

Maraqlıdır, mütəxəssis rəyi, analiz dəyərləndirmələri olmadan uşaqlara vitamin kompleksinin verilməsi nə dərəcədə doğrudur?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən pediatr Elşən Tağıyev bu yanaşmanın elmi əsaslardan uzaq olduğunu bildirib. O, xüsusilə mövsümi xəstəliklərin aktual olduğu dönəmlərdə valideynlərin tətbiq etməli olduğu universal həll yollarından danışıb:

 

 

“Uşaq xəstələnəndə vitamin vermək xəstəlikdən qorumaq üçün təsdiqlənmiş üsul deyil. Əgər uşaq balanslı qidalanırsa açıq havada olursa normal yuxu yatırsa fiziki aktivdirsə, immuniteti üçün bu dördü vitamindən daha çox iş görür”.

 

Pediatr həkim rəyi olmadan vitamin istifadəsinin risklərinə də diqqət çəkib:

 

“Həkim rəyi olmadan istifadə olunan vitaminlər uşaqlarda hipervitaminoz təhlükəsi, yəni yüksək doza təhlükəsi yaradır. Xüsusilə A, D, E, K vitaminləri yağda həll olur və bədəndə toplanır, bu da toksiklik yarada bilər. Misal üçün, D vitamini yüksək doza ilə verislə, o zaman böyrək daşları, hiperkalssemiya riskləri, A vitamini çoxluğu isə qaraciyər zədəsi, baş ağrıları, polivitaminlərin lazımsız yüklənməsi təhlükəsinə gətirib çıxarır”.

 

Onun sözlərinə görə, polivitaminlərin boş-boşuna 10-20 komponentdən ibarət şəkildə verilməsi bədənin ehtiyacı olmayan maddələrlə yüklənməsinə gətirib çıxarır:

 

“Boş-boşuna 10-20 komponent verilir, amma bədənin buna ehtiyacı olmaya bilər. Nəzarətsiz verilən polivitaminlər allergik reaksiyaya səbəb ola bilər. Uşaqda vitamin çatışmazlığı varsa, mütləq bunu həkim müəyyən etməlidir”.

 

E.Tağıyevin uşaqlarda ən çox real çatışmazlıq yaradan vitamin və mineralların adlarını da qeyd edib:

 

“Uşaqlarda ən çox D vitamini, dəmir, B12 və fol turşusu çatışmazlığını müşahidə edirik və bunların da dozası yalnız qan analizinə, uşağın yaşına və çəkisinə görə müəyyən edilir. Həkim məsləhəti olmadan vitamin kompleksi vermək düzgün deyil və risklidir. Vitaminlər immuniteti super şəkildə gücləndirmir, əksinə, lazım olmadıqda faydasız və bəzən zərərli ola bilər. Ən doğru addım uşağın vəziyyətini pediatrın qiymətləndirməsidir”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ