"Uşaqlarınız bu fotoları çəkirsə, depressiyaya meyillidir" - Psixoloqdan AÇIQLAMA

Bakıda 13 yaşlı qızın intihar etdiyi bildirilib. Məlumata görə, yeniyetmə son zamanlar telefonda “cin, şeytan, qəbiristanlıq” məzmunlu videolara baxırmış və “Mavi Balina” tipli təhlükəli oyunlara qoşulduğu ehtimal edilir.
Valideynlər bildiriblər ki, qız özünü evdə asaraq həyatına son qoyub. Onun dəftərlərindən birində cinə bənzər qorxulu rəsmlər də aşkarlanıb.
Ümumiyyətlə, son zamanlar psixoloji yardımlarda uşaqların çəkdiyi rəsmlər vasitəsilə onların daxili dünyasını anlamaq və ona uyğun müalicə tipləri müəyyənləşdirməyin mümkün olduğu sübut olunub.
Bəs, uşaqların çəkdiyi rəsmlərdən hansı mesajları almaq olar? Valideynlər nələrə diqqət etməlidir?
Məsələ ilə bağlı psixoloq Ülkər Məhərrəmova Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, uşağın çəkdiyi qorxulu, qara tonlu şəkillər onun daxili dünyasında narahatlıq, gərginlik və ya depressiya ehtimalını göstərə bilər:

“Uşaqların çəkdiyi cin və şeytan rəsmləri yalnız dini mövzularla bağlı deyil. Bu rəsmlər bizim üçün diaqnostika sayıla bilməz, amma uşağın iç dünyasında hansısa narahatlığın olduğunu göstərən ciddi xəbərdarlıqdır. Belə uşaqlar mütləq mütəxəssisə yönləndirilməlidir. Yeniyetməlik dövrünü zehni və hormonal dəyişikliklərin ən kəskin yaşandığı mərhələ olduğunu qeyd edib. Bu səbəbdən uşaqlarda qərarvermə çətinliyi, emosional dalğalanmalar, hiperaktivlik formalaşa bilər”.
Psixoloq qara rəngli, parçalanmış bədən hissələri olan rəsmlərin depressiya göstəricisi ola biləcəyini vurğulayıb:
“Qara rəngin çoxluğu, qorxulu gözlər, parçalanmış bədən hissələrinin rəsmi, bunlar uşağın depressiyada ola biləcəyini göstərir. Yeniyetmələr çox dərin depressiya keçirə bilirlər və burada valideyn, müəllim və dostların rolu çox böyükdür. yeniyetmələr düşünürlər ki, mən mükəmməl olmalıyam. Kimsə məni danlamamalıdır, tənqid etməməlidir, mən heç kimdən geri qalmamalıyam. Bu təzyiq onları həm öz bədəninə, həm valideynlərinə, həm də cəmiyyətə qarşı həssas edir”.
Mütəxəssis əlavə edib ki, cəmiyyətin düşündüyünün əksinə olaraq intihar barədə danışmaq uşağı buna sövq etmir:
"Bəziləri düşünür ki, intihar haqqında danışmaq uşağın bu addımı atmasına səbəb olur. Bu, doğru deyil. Əksinə, uşaq bu mövzuda danışırsa, o deməkdir ki, içində ağır bir yük var və o, bunu paylaşmaq istəyir. Sanki deyir ki: “Mən narahatam, məni anlayın, kömək edin”. Uşaqlar sözlə ifadə edə bilmədikləri hissləri çox vaxt rəsmlərlə çatdırırlar”.
Ü.Məhərrəmova valideynlərin övladlarının davranışlarını diqqətlə müşahidə etməsinin vacibliyini vurğulayıb:
“Valideynlər çox vaxt maddi məsələləri ön planda qoyurlar. Düşünürlər ki, uşağın telefonu var, paltarı var, yeməyi varsa, deməli, hər şey qaydasındadır. Amma ən vacibi valideyn-övlad münasibətidir. Valideyn öz bacarıqlarını inkişaf etdirməli, övladını dinləməyi, onun ehtiyaclarını görməyi öyrənməlidir. Uşağın bu vəziyyətə düşməsinin səbəbi oyunla mı, ailədaxili münasibətlə mi, yoxsa yeniyetməlik dövrünün öz çətinlikləri iləmi bağlıdır, bunu mütəxəssis müəyyən etməlidir”.
Bəsti Rəfizadə
Sfera.az
