Xəzərdə su azalır: Yükdaşımada problem olacaq?

Xəzər dənizində müşahidə olunan su səviyyəsinin enməsi həm ekoloji, həm də iqtisadi baxımdan ciddi narahatlıq doğurur. Suyun çəkilməsi sahil xəttinin geri çəkilməsinə, dayazlaşmanın artmasına və dəniz nəqliyyatı üçün vacib olan infrastrukturun risk altına düşməsinə səbəb olur.
Bu proses xüsusilə yükdaşımalara və limanların fəaliyyətinə mümkün təsirləri ilə gündəmdədir. Xəzər dənizində suyun azalması yükdaşımalar üçün mənfi nəticələr yarada bilərmi?
Gəmilərin limanlara yan alması prosesində çətinliklər gözlənilirmi? Mövcudsuallarla bağlı Sfera.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Xəzər dənizində suyun çəkilməsi artıq özünü daha aydın göstərir və bu proses istər-istəməz həm naviqasiyaya, həm də dəniz daşımalarına təsir edir:

“Lakin limanların bu vəziyyətə hansı səviyyədə hazır olması hələ də qeyri-müəyyəndir. Düşünürəm ki, yeni limanlar, məsələn Ələt limanı inşa olunarkən Xəzərin səviyyəsindəki mümkün geriləmə nəzərə alınıb. Bu baxımdan Azərbaycanın yaxın perspektivdə ciddi problemlə qarşılaşmaması ehtimal olunur”.
Ekoloq əlavə edib ki, bununla belə, uzunmüddətli suyun azalması və səviyyənin daha da enməsi qaçılmaz olarsa, bu proses daşımacılığa təsirsiz ötüşməyəcək:
"Amma hökumətlərin və müvafiq qurumların məhz belə halların qarşısını almaq və yeni tədbirlər görmək üçün mövcud olduğunu da unutmaq olmaz. Ümid edirəm ki, yaxın illərdə Xəzərə tökülən çayların su həcmi artacaq, temperatur sabitləşəcək, buxarlanma səviyyəsi azalacaq. Bu da dənizin səviyyə enməsinin dayanmasına və nəticədə daşımacılığa təsirin minimuma enməsinə gətirib çıxara bilər. Lakin hazırkı vəziyyət göstərir ki, suyun geri çəkilməsi daşımacılıq sahəsinə müəyyən təsir göstərmək potensialına malikdir”.
Fidan Hacızadə
Sfera.az
