BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasının yüksək səviyyəli həftəsi bu gün Nyu-Yorkda başlayır.
Sfera.az xəbər verir ki, tədbirdə təxminən 150 dövlət və hökumət başçısı, həmçinin xarici işlər nazirləri iştirak edəcək.
Bir həftə ərzində beynəlxalq liderlər əsas qlobal çağırışları, sülhün möhkəmləndirilməsi, dayanıqlı inkişaf, insan hüquqlarının qorunması, gender bərabərliyi, süni intellektin idarə olunması, yoluxucu xəstəliklər və psixi pozuntularla mübarizə, eləcə də iqlim dəyişikliyinin fəsadlarını müzakirə edəcəklər.
Tədbir Birləşmiş Millətlər Təşkilatının 80 illiyinə həsr olunub və mərkəzi mövzusu belədir:
“Birlikdə daha yaxşı, sülh, inkişaf və insan hüquqları naminə 80 il və daha çox”.
Assambleyanın debatlarında 193 üzv-dövlətin nümayəndələri, Vatikan və Fələstin Dövlətindən müşahidəçilər, həmçinin Avropa İttifaqının təmsilçiləri iştirak edəcəklər.
Çıxışlar dövlət və hökumət başçıları, beynəlxalq nümayəndə heyətlərinin rəhbərləri tərəfindən ediləcək. Yüksək səviyyəli sessiyalar sentyabrın 23-dən 29-dək keçiriləcək. Bu müddət ərzində yüzlərlə ikitərəfli görüş və mövzuya uyğun tədbirlər də baş tutacaq. Bazar günü isə fasilə olacaq.
Ümumi debat BMT Baş katibi Antonio Quterreş və 80-ci sessiyanın sədri Annalena Berbokun çıxışları ilə açılacaq.
Dövlət başçıları arasında ilk olaraq Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva çıxış edəcək. Bu, illərdir davam edən ənənəyə uyğun olaraq həyata keçirilir. 1947-ci ildə Braziliyanın o vaxtkı xarici işlər naziri Osvaldo Aranya Baş Assambleyanın birinci və ikinci xüsusi sessiyalarına rəhbərlik etmişdi. Braziliya prezidentindən sonra ABŞ Prezidenti Donald Tramp çıxış edəcək.
İlk gün təxminən 30 çıxış gözlənilir. Onların arasında Argentina, Vyetnam, İran, İordaniya, Qətər, Polşa, Serbiya, Türkiyə və digər ölkələrin liderləri var. İkinci gün isə təxminən 40 dövlət başçısı çıxış edəcək. Bu sırada Fransa, Ukrayna, Finlandiya və Slovakiyanın prezidentləri də yer alır.
Rusiyanın nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir. Onun sentyabrın 27-də çıxış etməsi planlaşdırılır. Lavrov həmçinin BRICS, KTMT, G20 və BMT Nizamnaməsini Müdafiə Dostları Qrupu çərçivəsində çoxtərəfli görüşlərdə iştirak edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Lavrov üçün ənənəvi olaraq Baş Assambleya çərçivəsində, ABŞ tərəfi də daxil olmaqla, onlarca ikitərəfli və çoxtərəfli görüş hazırlanır.
Niyaz Hacıyev
Sfera.az