Bakıda “SHE Congress 2025” tədbiri keçirilir - FOTO

Bu gün Heydər Əliyev Mərkəzində regionun ən nüfuzlu tədbirlərindən biri olan “SHE Congress 2025” konqresi keçirilir.
Sfera.az xəbər verir ki, konqres qadın liderliyinin gücləndirilməsi və davamlı dəyərlərin formalaşdırılmasına həsr olunub.
Tədbirdə çıxış edən “Azerbaijan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılova deyib ki, tədbirin keçirilməsində əsas məqsəd qadınların qanun çərçivəsində hüquqlarının müdafiəsi və cəmiyyətdə qadınlarla kişilər arasında bərabərliyin, dayanıqlığın təmin olunmasıdır.
O qeyd edib ki, “SHE Congress”, qadınların şəxsi və peşəkar inkişafını təşviq edən, biznes, dövlət, mədəniyyət və təhsil sahələrindən yerli və beynəlxalq liderləri bir araya gətirən platformadır.
Konqresdə iştirakçılar müxtəlif sahələrdə uğur qazanmış qadın liderlərin çıxışlarını dinləyəcək, panel müzakirələrdə iştirak edəcək və şəbəkələşmə imkanlarından yararlanacaqlar. Tədbirin məqsədi yalnız aktual liderlik məsələlərini müzakirə etmək deyil, eyni zamanda uzunmüddətli və davamlı dəyərlərin yaradılmasına töhfə verməkdir.
“SHE Congress 2025” qadınların cəmiyyətdəki rolunu gücləndirmək və onların liderlik potensialını ortaya çıxarmaq üçün mühüm bir platforma olaraq qiymətləndirilir.
Bəsti Rəfizadə
Sfera.az