“Tramp sülhün müəllifi kimi tarixə düşmək istəyir” - Ekspert

“Tramp sülhün müəllifi kimi tarixə düşmək istəyir” - Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə keçiriləcək danışıqlara ABŞ Prezidenti Donald Trampın da qatılmaq istədiyini açıqlayıb. Bu xəbər beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanıb və Trampın mümkün iştirakının danışıqlara hansı təsirləri göstərə biləcəyi müzakirə mövzusuna çevrilib.


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Trampın bu təşəbbüsü təsadüfi deyil və onun şəxsi siyasi maraqları ilə sıx bağlıdır:


“Əlbəttə, Trampın iştirak etmək istəməsi başa düşüləndir. Çünki Donald Tramp hələ hakimiyyətə gəlməmişdən əvvəl də Ukrayna-Rusiya müharibəsini dayandırmaqla bağlı tez-tez vədlər verirdi. Tramp bu görüşdən və ümumilikdə bu sülh prosesindən kənarda qalmaq istəmir. ABŞ rəhbəri çox ciddi şəkildə çalışacaq ki, bu qələbə və ya sülh prosesi məhz onun əli ilə baş versin və bütün dünyaya özünü barışı təklif edən lider kimi təqdim etsin”.

 

 


Trampın danışıqlarda hansı şərtlərlə iştirak edə biləcəyi məsələsinə toxunan ekspert bildirib ki, bu, onun öz mövqeyini gücləndirməsi üçün bir fürsət kimi görünür:

 

“Tramp sadəcə simvolik bir görüntü üçün yox, real təsir imkanına malik bir sülh görüşündə iştirak etmək istəyir. Bu baxımdan, onun şərtlərindən biri Putinin də danışıqlara qatılması ola bilər. Əgər Putin iştirak etməsə, Trampın danışıqlara qatılması onun üçün o qədər də məntiqli görünməz. Çünki o, nəticəsi olacaq bir tarixi prosesin mərkəzində dayanmaq istəyir”.


Sülhə kimin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, yoxsa Donald Trampın nail ola biləcəyi ilə bağlı suala isə Kazımov belə cavab verib:


“Liderlər məsələsinə gəlincə, mən hesab edirəm ki, burada təkcə Ərdoğanın və ya Trampın sülhə nail olmasından söhbət getmir, bu, kollektiv bir prosedur olacaq və bir neçə beynəlxalq aktorun iştirakı ilə həyata keçiriləcək”.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR