Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olundu - FOTO

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub.
Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib.
Qeyd edək ki, Səidə Tağızadə Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.
2006-cı ildə Bakı Musiqi Akademiyasını (fortepiano, organ, klavesin) bakalavr, 2008-ci ildə isə (fortepiano ixtisası, musiqişünaslıq) magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.
2016-cı ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.
S.Tağızadə indiyədək Azərbaycanla yanaşı, Böyük Britaniya, Polşa, Rusiya, Finlandiya, ABŞ, Cənubi Afrika, Cənubi Koreya, Avstriya, İsveçrə, İtaliya, Bolqarıstan, Latviya, Fransa və s. ölkələrdə konsertlərdə çıxış edib.