Azərbaycan Ordusunun şanlı gücü: XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün, 30 aprel 2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin elit birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 26 il ötür.
Sfera.az xəbər verir ki, XTQ 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.
Qısa müddət ərzində bu birləşmə yüksək hazırlıqlı, xüsusi təyinatlı əməliyyatların icrası üçün formalaşdırılmış və peşəkarlığı ilə seçilən bir ordu strukturu kimi tanınıb. İllər keçdikcə XTQ müasir döyüş texnologiyaları ilə təchiz olunaraq, həm taktiki, həm də fiziki hazırlıq baxımından NATO standartlarına cavab verən bir hərbi gücə çevrilib.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər apardığı 44 günlük Vətən müharibəsində XTQ-nin rolu həlledici olub. Müharibənin taleyini dəyişən və tarixə qızıl hərflərlə yazılan Şuşa əməliyyatı məhz XTQ döyüşçülərinin misilsiz şücaəti ilə həyata keçirilib.
Şuşa şəhəri tank və zirehli texnika ilə deyil, xüsusi təyinatlı əsgərlərin əlbəyaxa döyüşü, yüksək dağ relyefində piyada yollarla hərəkəti və taktiki üstünlüyü ilə azad olunub. XTQ döyüşçüləri 5 noyabr tarixində Cıdır düzünə çataraq şəhər daxilində düşmən qüvvələrini neytrallaşdırdılar. 8 noyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edildiyini elan etdi və bu, müharibədə qələbənin müjdəçisi oldu.
Bundan başqa, XTQ Füzuli, Cəbrayıl, Hadrut, Kəlbəcər və digər istiqamətlərdə də xüsusi əməliyyatlar apararaq, düşmənin müdafiə xətlərini yarmaqda və onların arxa mövqelərində strateji nöqtələri ələ keçirməkdə mühüm rol oynayıb.
XTQ-nin qəhrəmanlıq salnaməsi təkcə döyüş meydanlarında deyil, həm də xalqın yaddaşında əbədi iz buraxıb. Onların göstərdiyi peşəkarlıq və vətənpərvərlik bugünkü nəsil üçün örnək, gələcək üçünsə möhkəm təməl olub.
Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında XTQ-nin xüsusi rolunu vurğulayaraq bildirib:
“Xüsusi Təyinatlı Qüvvələr Vətən müharibəsində qəhrəmanlıq göstərdi, əsl peşəkarlıq nümunəsi sərgilədi. Onlar bizim qürur mənbəyimizdir”.
Bu gün XTQ döyüş hazırlığını daha da artıraraq, Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa davam edir.
Bəsti Rəfizadə
Sfera.az