Baş prokuror: "Türkiyədə 15 iyul hadisələri ilə bağlı istintaq tədbirlərində aktiv iştirak edirik"
Bu gün Baş prokuror Zakir Qaralov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.
Baş prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Z.Qaralov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət", Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir" kəlamları ilə ifadə edildiyi, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.
Baş prokuror mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayaraq, Türkiyədə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycanın hüquq-mühafizə orqanlarının aktiv fəaliyyətini qeyd edib.
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qardaş Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən E.Özoral ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
Görüşdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.