Azərbaycanda möhtəşəm Nar bayramı - FOTO
Noyabrın 5-də Göyçay rayonunda təşkil olunan XI nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən xeyli fərqlənib.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, beynəlxalq təşkilatların əməkdaşlarının, ümumilikdə, 15 minə yaxın insanın iştirak etdiyi möhtəşəm nar bayramı təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.
Bayram tədbirinin rəsmi qonaqları və ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.
Göyçay şəhər stadionunda keçirilən tədbirdə narla bağlı müxtəlif yarış və müsabiqələrin, yarmarkaların təşkili xüsusilə yaddaqalan olub. Nar bayramının iştirakçıları musiqi sədaları altında qarşılanıb, qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı - Nar şahzadəsi meydana daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar. Kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib. Folklor rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayrama əlavə rəng qatıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, XI dəfədir təşkil edilən nar bayramı rayonda meyvəçiliyin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu bayram son illər Göyçayda narçılığın inkişafına təkan verib. O qeyd edib ki, nar Azərbaycanın demək olar bütün rayonlarında yetişdirilir. Amma Göyçay narı dadına, sortlarının sayına, keyfiyyətinə, insanların sağlamlığında xüsusi əhəmiyyətinə görə digər rayonlarda yetişən narlardan fərqlənir. Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür. Göyçayın tarixi illər boyu narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. Prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə 2006-cı ilin noyabrından başlayaraq hər il Göyçayda ənənəvi olaraq nar bayramı keçirilir.
Festival iştirakçılarına məlumat verilib ki, Göyçayda narın 67 sortu yetişdirilir. Dünya bazarında böyük tələbat duyulan narın bir çox müalicəvi xüsusiyyətləri var. Nar cənnət meyvəsi sayılır və müqəddəs "Qurani-Kərim”də adı çəkilir. Onun şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur.
Bildirilib ki, bu il Göyçayda bağlarda bol məhsul yetişib. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 48 min 500 tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 47 min 200 ton nar tədarük ediblər. Hər il məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır. Göyçayda narçılığa olan maraq ildən-ilə artır, məhsuldar nar sortlarının yetişdirilməsi, yeni bağların salınması istiqamətində tədbirlər görülür. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilir. Nar emalı müəssisələri isə ilbəil imkanlarını genişləndirir, daha çox nar şirəsi istehsal edərək xarici bazarlara çıxarırlar. "AzNar” QSC-nin şirə emalı zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar sahədə məhsuldar nar bağı mövcud idisə, hazırda nar bağlarının sahəsi 3970 hektardan çoxdur.
Yerli və xarici qonaqlar əl ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın, eləcə də isti təndir çörəyinin, pendirin, yuxa, kətə, kabab və döşəməli plovun, müxtəlif şirniyyatların dadına baxıblar. Tədbir iştirakçılarına bayram münasibətilə hazırlanan milli xörəklər də təqdim olunub.
Bayram tədbirində nara həsr olunan şeir və mahnılar səsləndirilib, rayon bədii özfəaliyyət kollektivlərinin, mahnı-rəqs qruplarının, aşıqların, musiqi məktəbində təhsil alan şagirdlərin, idmançıların çıxışları alqışlarla qarşılanıb, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib.
Sonda tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib, atəşfəşanlıq olub.
|
]