Yol tikintisini tamamlamağa 2,1 milyon manat ayrıldı
Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qırx dörd min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon (iki milyon bir yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər".