Azərbaycanın olimpiya ikincisi Portuqaliyanın "Sportinq" klubuna getdi

Azərbaycanın olimpiya ikincisi Portuqaliyanın
Finalda qarşılaşdığım isveçli cüdoçunu 3 dəfə məğlub etmişdim. Özümə çox inanırdım. Bu səbəbdən bədənimi boşaltdım və texniki səhvə görə qızıl medal qazana bilmədim.
 

Sfera.az bildirir ki, bunu report-a açıqlamasında "Böyük Dəbilqə" turnirində gümüş medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.
73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı bildirib ki, Tommi Masiasla görüşün əvvəlində rəqibindən üstün olsa da, sona yaxın öz səhvindən geri düşüb: "Rəqibim qarşılaşmanın sonuna 2 dəqiqə qalmış "vazari" fəndi etməyə fürsət tapdı. Masias bundan sonra vaxt aparmağa başladı. Hakim ona "şido" versə də, qələbə qazanmağım üçün vaxt çatmadı".

R.Orucov hazırda Portuqaliyanın "Sportinq" klubunda çıxış etdiyini vurğulayıb: "Ötən il klublar arasında Avropa 3-cüsü olduq. Bu il dekabrın 17-si yenə klubun tərkibində yarışlara qatılmaq üçün Portuqaliyaya gedəcəm. Klubda medal qazanılmasından asılı olmayaraq, idmançılara məvacib ödəyirlər. Almaniya klubundan da təklif almışam. Gələn il həmin kluba keçməyi düşünürəm".
İdmançı "Fight Fin" firması ilə müqaviləsi olduğunu bildirib: "Ötən ildən bu firma ilə müqavilə bağlamışam. Nə zaman ürəyim istəyir, onlara yazıram, kimano göndərirlər".

Olimpiadadan sonra istirahət etməyə vaxtının olmadığını deyən R.Orucov gələn ilin mayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarından sonra dincəlməyi düşündüyünü deyib.
Cüdoçu ciddi zədəsinin olmadığını da vurğulayıb: "Belimdə iki yırtıq var. Bunu olimpiadan öncə də bilirdim. Bu yırtıqları ciddi qəbul etmirəm. Fizioterapeya keçirəm. Hələ ki, əməliyyata ehtiyac yoxdur. Bu, güləşməyimə mane olmur".

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı dövlət və Milli Olimpiya Komitəsindən aldığı pul mükafatını ailəsinə xərclədiyini bildirib: "Mükafatla atamgilə və özümə ev almışam. Başqa neyləyəcəyəm ki?!"


OXŞAR XƏBƏRLƏR