Azərbaycanda din xadimləri İrana qarşı bəyanat yaydı

Azərbaycanda din xadimləri İrana qarşı bəyanat yaydı

Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları və Şirvan şəhərinin din xadimləri İranın Azərbaycanın sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər və Ermənistana verdiyi dəstəklə bağlı bəyanat yayıb.

 

Sfera.az sözügedən bəyanatı qeyd olunur ki, Azərbaycan öz dini mühitinə görə dünyada sayılıb-seçilən ölkələrdəndir. Hüququn aliliyi və demokratik prinsiplərinə uyğun olaraq, dövlətimiz tərəfindən birgəyaşayış, yüksək dözümlülük mühiti, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verilir. Məscidlər, kilsələr, digər ibadət evləri, eləcə də ruhanilər daim yüksək qayğı ilə əhatələniblər. Dövlətimiz bu siyasəti yalnız ölkə daxilində deyil, eyni zamanda regional və beynəlxalq arenada da daim müdafiə və təbliğ etmiş, öz xarici siyasətini mehriban qonşuluq, sülh və əmin-amanlıq üzərində qurmağı əsas amal bilib. Ancaq Azərbaycanımızın bu istiqamətdəki səyləri qonşularımız tərəfindən düzgün başa düşülməmiş, təzyiq və təcavüzlərə məruz qalıb:

 

“Xüsusilə də ortaq mənəvi dəyərləri bölüşdüyümüz, milyonlarla soydaşımızın yaşadığı İrandan belə münasibət bizlər üçün gözlənilməz olmuş, dərin məyusluq hissi yaradıb.

 

Uzun illər ərzində qardaş və dost münasibəti, o cümlədən müsəlman təəssübkeşliyi gözlədiyimiz İran, tam əksinə, 67 müsəlman məscidinin 65-ni dağıdan, məscidlərdə donuz saxlayan Ermənistanla bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmiş, regionda sülhə təhdid yaradan, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən, qisas hissi ilə yaşayan həmin ölkəni himayə etmiş, törətdiyi təxribatlara qarşı ordumuzun cavabına qəsbkarlıq adı verərək şəhidlərimizin ruhunu incitmişdir. İllərlə Azərbaycan torpaqlarının işğal altında qalmasına göz yuman, Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı qırmızı xətti hesab edən İran eyni zamanda, ölkəmizə qarşı əsassız iddialar irəli sürmüş, sərhədlərimizdə hərbi təlimlər keçmiş və etdiklərinə dini don geyindirməyə çalışmaqla xalqımızın mənəviyyatını, İslama bağlılığını şübhə altına almağa cəhd etmişdir. Bununla da İran yalnız Azərbaycanla arasındakı münasibətlərə deyil, eyni zamanda İslam həmrəyliyinə yaraşmayan əmələ imza atıb.

 

Bildiririk ki, belə insanpərvərliyə zidd və heç bir dini əxlaqa sığmayan hərəkətlər din xadimlərini də çox narahat edir. Biz - din xadimləri özünü İslam Respublikası adlandıran İranın bölgədə dini dəyərlərlə bir araya sığmayan haqsız siyasətindən və Azərbaycana qarşı səsləndirdiyi təhdidedici yersiz bəyanatlarından öz narahatlığımızı bildirir və İranın bu hərəkətlərinin müqəddəs İslam dininin qardaşlıq ruhuna uyğun olmadığını bəyan edirik”.

 

Qafqazinfo.az

 


OXŞAR XƏBƏRLƏR