Qarabağdakı ruslar erməni keşişlərlə birgə Kəlbəcərin kəndində... - Fotolar

Qarabağdakı ruslar erməni keşişlərlə birgə Kəlbəcərin kəndində... - Fotolar

Erməni apostol kilsəsinin və Rusiya pravoslav kilsəsinin Qarabağdakı qanunsuz nümayəndələri  Azərbaycan Respublikası Kəlbəcər rayonunun  Kolatağ(yaxud Kolətək) kəndindəki "Akobavank" adlandırılmış erməniləşdirilmiş qədim türk xristian məbədini ziyarət ediblər.

 

Moderator.az xəbər verir ki,  erməni mediasının yazdığına görə, Qarabağdakı qondarma "rus icması"  bu haqda "Dağlıq Qarabağda xristianların birliyi" başlığı altında məlumat yayıb.

 

"Bu, Dağlıq Qarabağın Rus İcması və Erməni Apostol Kilsəsinin Artsax eparxiyasının könüllü kilsə qardaşlığının ilk birgə təşəbbüsü deyil"- xəbərdə belə deyilir.

 

Məlumatda deyilir ki, "Akobavank"ı  Qarabağda yaşayan Rusiya Federasiyası vətəndaşları və Rus pravoslav kilsəsinin  bəziləri  ilk dəfə ziyarət edib.

 

Məbədin baş keşişi Ovanes Ovanisyan "dindarları əsl rus samovarından çay və erməni şirniyyatlarına qonaq edib. Səmimi söhbət oldu" - deyə xəbərdə bildirilir.

 

Zəruri arayış və xatırlatma:

 

1992-ci ilədək Ağdərə rayonuna daxil olmuş Kolatağ(yaxud Kolətək) kəndi Qırxqız dağ silsiləsindən axıb Xaçınçay çayına tökülən eyniadlı çayın sol sahilində, Xocalı rayonu ərazisindəki 1706 metr dağ yüksəkliyindən 3 km məsafədə yerləşir.  Kəndin adının əsli Kolətəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır. 

 

Kolatağ kəndi 1993-cü ilin yayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib və 44 günlük savaşdan sonrakı 10 noyabr razılaşmasına əsasən Rusiyanın sülhməramlı kontingentinin nəzarətinə və faktiki olaraq separatçı-terrorçu rejimin və Ermənistanın nəzarətinə verilib.

 

Hələ bu ilin fevral ayında xəbər verdiyimiz kimi, inzibati-hüquqi cəhətdən Azərbaycanın Kəlbəcər rayonuna aid olan Kolatağ kəndində Milli Ordumuzun müzəffər savaşından sonra işğaldan azad olunmuş digər ərazilərimizdən, əsasən Şuşa və Hadrutdan  köçmüş erməni ailələri üçün separatçı rejim tərəfindən yeni evlər tikilməyə başlanıb. İyun ayında isə erməni “xeyriyyəçi” Ayk  Maqakelyanın maliyyə dəstəyi sayəsində bu Azərbaycan kəndində tikilmiş yeni  24  ev artıq köçkün(?) ermənilərin istifadəsinə verilib...

 

Yenicə  “Akopavank” məbədinə qanunsuz keşiş təyin olunmuş Ovanes Ovannisyan isə işğal dövründə Kəlbəcər rayonunun qanunsuz keşişi olmuş erməni terrorçusudur. Ovannes Ovannisyan birinci Qarabağ müharibəsində də Azərbaycana qarşı vuruşub, oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak edib. 44 günlük savaş nəticəsində Kəlbəcərdən ermənilərin çıxmalı olduğu elan edildiyi vaxtda, yəni 2020-ci ilin noyabrında isə bu üzdəniraq “keşiş” əlində avtomat Xudavəng məbədinin yanında dayanaraq "Erməni xaçkarlarına toxunmayın. Dadivank Azərbaycana verilməyəcək!” bəyan edərək deyib ki, məbədi tərk etməyəcək...


OXŞAR XƏBƏRLƏR