Ukraynalı uşaqlar Bakıya gətirildi - FOTO

Ukraynalı uşaqlar Bakıya gətirildi - FOTO

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Ukraynadakı vəziyyətlə əlaqədar bir qrup uşaq Bakıda reabilitasiya keçəcək.

 

Sfera.az xəbər verir ki, avqustun 21-də 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum 28 uşaq və onları müşayihət edən 4 nəzarətçi Bakıya gəlib.

 

Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirilib. Burada 21 gün ərzində uşaqlara psixoloji və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstəriləcək.

 

Həmçinin Ukraynadan gələn uşaqlar üçün mədəni proqram hazırlanıb. Paytaxtın görməli yerləri ilə tanışlıq, o cümlədən, Heydər Əliyev Mərkəzi, Qobustan dövlət tarixi-bədii qoruğu, İçərişəhər, “Suraxanı” Gəmi-Muzeyi, Atəşqah, “Qala” Dövlət tarix- etnoqrafiya qoruğu və digər tarixi abidə və muzeylərə gəzintilər və ekskursiyalar nəzərdə tutulub.

 

Heydər Əliyev Fondu valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları hər zaman ailə qayğısı ilə əhatə edir. Fondun həyata keçirdiyi bu sahədə layihələr uşaqların sağlam və səmərəli istirahəti, dünyagörüşünün artırılması və yeni dostlar qazanmalarına imkan yaradır.

 


OXŞAR XƏBƏRLƏR