Hamının Ukraynada axtardığı səfir Elmira Axundova Bakıda imiş - "Mənə yaxın olan bir neçə şəxs xəsarət alıb"
Gündəm
15:07 / 04.03.2022
4108
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova sosial şəbəkələrdə və mediada barəsində yayılan məlumatlarla bağlı bəyanat yayıb.
Sfera.az xəbər verir ki, səfir "Qafqazinfo"ya göndərdiyi açıqlamada bildirir ki, hazırda Bakıdadır. Həmin açıqlamanı təqdim edirik:
"Müəyyən müxalif dairələrin yenidən mənə qarşı ləyaqətsiz kampaniyaya başlaması son dərəcə xoşagəlməz haldır. Bu dəfə məni Ukrayna hadisələri ilə bağlı fəaliyyətsizlikdə və susmaqda ittiham edirlər. Ona görə mən bunu bəyan etmək istəyirəm: iki ay əvvəl keçirdiyim onurğa əməliyyatı ilə bağlı müəyyən problemlərə baxmayaraq, mən eyni fədakarlıq və məsuliyyətlə Kiyevdə fəaliyyətimi davam etdirdim.
Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin ölkəni tərk etdim. Bizim qrupumuzda təxminən 40 nəfər (əsasən qadınlar, yaşlılar və 17 yaşa qədər uşaqlar) var idi. Biz, hər blokpostda dayanaraq Moldova sərhədinə qədər uzun və ağır yol qət etdik.
Kişinyovda Bakıya uçmaq qərarı verildi. Moldovadakı səfir Qüdsi Osmanov mənə və bəzi diplomatlara çarter reysi ilə uçmağı təklif etsə də, biz təyyarədə Azərbaycan dövlətinin pulsuz təxliyə etdiyi həmyerlilərimizin yerini tutmamaq üçün bu imkandan istifadə etmədik. Çox çətinliklə hamıya bilet aldıq, karvanı "yaşıl” dəhlizlə Rumıniyaya (Moldova və Rumıniya səfirliklərinin əməkdaşlarına təşəkkür) apardıq və təxliyə olunduq. Beləliklə, həyatlarına şəxsən cavabdeh olduğum 40-dan çox səfirlik əməkdaşı və onların ailə üzvləri xilas edildi. Hazırda səfirliyi minlərlə azərbaycanlı üçün sığınacaq adasına çevrilən Qüdsi Osmanova bir daha təşəkkür edirəm.
Ukraynada olan onlarla, bəlkə də yüz minlərlə həmyerlimiz bu ölkəyə könüllü gəlib. Hamının evakuasiyasını bir anda təşkil etmək mümkün deyil. Dözüm və səbr tələb olunur ki, bu da bəzən vətəndaşlarımızda olmur.
Başqa bir şey də demək istəyirəm: bir çoxları yaşadığı illər ərzində Ukrayna vətəndaşlığı alıb, indi isə ondan təcili imtina etmək istəyirlər. Çünki Ukraynada ümumi səfərbərlik elan edilib. Bəziləri bizdən qanundankənar hərəkətlər etməyimizi tələb edir. Bütün məsuliyyətimlə bəyan edirəm: Bəzi KİV-də səfirliyin hansısa arayışları 200 dollara satması barədə yayılan xəbərlər tamamilə yalan və böhtandır. Son günlər ərzində bizim konsulumuz tərəfindən 7 və ya 8 qanuni yollayış verilib. O, vətəndaşların vəziyyətini nəzərə alaraq, hətta 10 dollar məbləğində olan rüsumu götürməyib. Bu kinli böhtan hansı məqsədlə yayılır?!
Kiyevdəki səfirliyimizdə sutkada 24 saat mümkün olduğu qədər çalışan kişi diplomatlar və mühafizəmizin əməkdaşları qalıb. Onlardan artıq etdiklərindən daha çoxunu tələb etmək mümkün deyil. Mənə və öz ailələrini təxliyə edərək Ukraynanı tərk edən digər əməkdaşlara gəldikdə, onlar vəziyyət imkan verdikdə geridə qayıdacaqlar. Mən də həmçinin. Buna şübhəniz olmasın. Və hər kəsdən mənə qarşı layiq olmadığım kampaniyanı dayandırmağı xahiş edirəm.
Mənə indi tək fiziki deyil, həm də mənəvi cəhətdən çətindir: anamın vətəni od içindədir, qohumlarım da daxil olmaqla, artıq mənə yaxın olan bir neçə şəxs xəsarət alıb. Bu gün yalnız bir şey üçün dua edirəm: qoy hər iki tərəfdən minlərlə əsgər və zabitin həyatına son qoyan bu qəddar və mənasız müharibə tezliklə başa çatsın. Ukraynada humanitar fəlakət başlayıb. Bunun da nəticələri təkcə ukraynalılar və ya ruslar üçün deyil, bütün Avropa üçün gözlənilməz ola bilər".