Türkiyə ilə Şuşa, Rusiya ilə Moskva bəyannaməsi - Bakı mövqeyini daha da gücləndirir
Gündəm
10:52 / 22.02.2022
1474
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər
çərçivəsində Prezident Vladimir Putinlə görüşəcək. Görüş zamanı tərəflərin
Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi gözlənilir. Görüşün ən
diqqət çəkən məqamı isə Putin və Əliyev arasında danışıqların yekununda
müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanmasıdır.
Bakını Moskva bəyannaməsini imzalamağa nə vadar edir?
Əvvəla, onu qeyd edim ki, düşünülənin əksinə Prezident İlham
Əliyevin Rusiyaya səfəri gözlənilməz deyil, əksinə uzun müddətdir hazırlanan
səfərdir. Hələ 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında Şuşa
bəyannaməsi imzalanarkən oxşar sənədin Azərbaycanla Rusiya arasında da
imzalanması gözlənilirdi. Yəni bununla bağlı iş 2021-ci ilin əvvəlindən
başlayıb.
Prezident İlham Əliyev hələ 2021-ci ilin sonunda, xalqa Yeni il
müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə
qalxacağını anons etmişdi. Digər tərəfdən səfər öncəsi tərəflərin Qarabağla
bağlı razılaşmaların icrasını müzakirə edəcəyi və danışıqların yekununda
müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması haqda ilkin
informasiyanın yayılması bu səfərin çox öncədən planlaşdırıldığını sübut edir.
Nəzərə almaq lazımdır ki, imzalanacaq sənədin hazırlanması və razılaşdırılması
uzunmüddətli iş tələb edir.
İndiki məqamda rəsmi Bakının Kremllə "Müttəfiqlik əməkdaşlığı
haqqında Moskva Bəyannamə”si
imzalamasında konkret maraqları var:
Birincisi, aydın məsələdir ki, hazırda Azərbaycanın əsas müttəfiqi
Türkiyədir. Rəsmi Bakı faktiki olaraq Kremlə əsas seçiminin Türkiyə olduğunu,
bununla belə illərdir regionda qoruduğu "balans siyasətinə” sadiq qaldığını
göstərir. Yəni Azərbaycan tərəfi Kremlə, Moskva Bəyannaməsi ilə hər zaman
olduğu kimi bundan sonra da antirusiya cəbhəsində yer almayacağının zəmanətini
verir.
İkincisi, Azərbaycan bu sənəd ilə hər şeydən öncə Ermənistana
böyük zərbə vurmuş oldu. Məsələ ondadır ki, KTMT üzvü olan Ermənistan hər
vəchlə başda Rusiya olmaqla, ittifaq ilə Azərbaycanı üz-üzə qoymağa çalışır.
Xüsusilə 44 günlük müharibə zamanı biz bunu aydın şəkildə müşahidə etdik. Rəsmi
İrəvan faktiki olaraq müharibə zamanı Azərbaycan ərazilərini atəşə tutaraq
müharibəni öz ərazisinə çəkmək, bu yolla da
KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndindən istifadə etməyə
çalışırdı. Azərbaycan Rusiya ilə "Müttəfiqlik əməkdaşlığı haqqında Moskva
Bəyannamə”si imzalamaqla faktiki olaraq Ermənistanı bu imkandan tamamilə məhrum
etdi.
Dördüncüsü, bu müqavilə
Azərbaycanı daha da gücləndirəcək. Məsələ ondadır ki, Türkiyə və Rusiya
ilə müttəfiq olmaq, eyni zamanda Avropa İttifaqı ilə ikitərəfli saziş
imzalamaq Azərbaycana regionda daha
effektiv xarici siyasət yeritmək imkanı verəcək. Rəsmi Bakı eyni zamanda
regionun iki aparıcı ölkəsi ilə müttəfiq olaraq öz təhlükəsizliyini tam olaraq
qarant altına almış olacaq.
Bakının Moskva bəyannaməsini imzalaması Ankara ilə münasibətləri
korlaya bilər?
Azərbaycan Kremlin qurmaq istədiyi "ittifaq dövləti” modelinə
qoşulur?
Azərbaycanın Rusiya ilə "Müttəfiqlik əməkdaşlığı haqqında Moskva
Bəyannamə”sini imzalaması rəsmi Bakının Kremlin qurmaq istədiyi "ittifaq
dövləti” modelinə qoşulması demək deyil. Hər şeydən öncə bir nüansı qeyd etmək
lazımdır ki, rəsmi Bakı Qoşulmama Hərəkatına üzvdür. Yəni Azərbaycan genişçaplı
ittifaqlarda yer ala bilməz. Digər tərəfdən Azərbaycanın belə bir niyyəti olsa
idi, çoxdan KTMT-yə üzv olardı. Rəsmi Bakı bütün hallarda Qoşulmama Hərəkatının
üzvü və sədridir. Təsadüfi deyil ki, 2021-ci ildə QH üzvləri Azərbaycana
müraciət edərək, sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş edib,
Azərbaycan isə bu təkliflə razılaşıb.