“Müxalifətin fəaliyyəti haqqında” Qanunda nələr əks olunacaq? – Təklif müəllifi olan deputatdan açıqlama
Millət vəkili Fazil Mustafa ötən gün parlamentdə "Müxalifətin fəaliyyəti haqqında” qanunun qəbul edilməsi ilə bağlı təklif irəli sürüb. Deputat bununla bağlı tezis və əsas istiqamətlərin hazırlanaraq təqdim edildiyini deyib.
Deputat təklif edilən qanun layihəsində əks olunan məqamlarla bağlı Sfera.az-a danışıb:
"Bu qanun layihəsi ilə bağı məsələ parlamentdə vaxtı ilə Pənah Hüseyn tərəfindən də qaldırılmışdı və tərəfimizdən təkliflər səsləndirilmişdi. Sözügedən layihədə əsas məsələ parlament müxalifətinin fəaliyyəti, ikinci isə parlamentdən kənarda qalan müxalifətin fəaliyyəti ilə bağlıdır. Burada əsas məsələ parlamentdə müxalifətin təkliflərinin qeydə alınması, müxalifət qrupunun yaradılması istiqamətində imkanların genişlənməsidir. Belə ki, bizdə fraksiya 25 nəfərdir və bu say azalaraq, 10 nəfərə çatdırılıb. Bundan başqa müxalifətin alternativ layihələrlə çıxış edə bilməsi və parlament idarəetməsində bəlli bir komitə və komissiyalarda - intizam komissiyasında, hesablama palatasında müxalifətin yerinin, müəyyən kvotasının olması lazımdır.
Qazaxıstanda "siyasi partiyaların fəaliyyəti haqqında qanun”da bu məsələ öz əksini tapır. Onların parlamentinin daxili nizamnaməsi nəşr olunur ki, bununla da komitə rəhbərliyi səviyyəsində təmsilçilikdə bir neçə komitədə rəhbərlik müxalifət təmsilçilərinə verilir. Bizdə faktiki olaraq bu istiqamətdə bir sıra addımlar atılıb. Belə ki, parlament rəhbərliyində, komitə rəhbərliyi səviyəsində müxalifət təmsil olunur. Bunun artıq hüquqi təməlini qoymaq lazımdır ki, bu məsələ gələcəkdə sabit bir ənənəyə çevrilsin”.
F.Mustafa təklif edilən qanun layihəsi ilə müxalifətin fəaliyyətinin məhdudlaşdırılmayacağını sözlərinə əlavə edib:
"Bu layihədə müxalifətin fəaliyyətini məhdudlaşdıracaq hansısa məqam öz əksini tapmır. Dar düşüncəli, dünyagörüşü olmayan və müxalif olmağı söyüş söyməkdə görən qüvvələr bu qanunu fərqli şəkildə qiymətləndirə bilər”.Əzizə Zeynal






