“Rədd ol, dedim...” – Xruşov istirahətə gəldiyi Belarusiyada birinci katiblə niyə dalaşıb?
Gündəm
14:52 / 26.01.2022
4447
1964-cü ilin yanvar ayında Nikita
Xruşovun Belarusiyaya səfəri planlaşdırıb. Səfər çərçivəsində baş katibin
işgüzar görüşləri ilə yanaşı iki həftə Belarusiyada istirahət etməsi də nəzərdə
tutulub. Amma Xruşov Minskdə iki həftə yox, cəmisi iki saat qalıb. Xruşov onun
üçün ayrılmış iqamətgahda müttəfiq respublikanın birinci katibini təhqir edərək
qovduqdan sonra, özü də Belarusiyanı tərk edib.
Maraqlıdır, Xruşovun qəzəbələnməsinə
hansı hadisə səbəb olub? O, Belarusiyada istirahət planını niyə təxirə salıb?
Sfera.az hadisənin təfərrüatları ilə
bağlı yazını təqdim edir.
Yuxarıda qeyd etdiyimiz kimi
1964-cü ildə Xruşov qış istirahətini
Belarusiyada keçirməyi planlaşdırıb. Bununla bağlı Belarusiyanın birinci katibi
Kiril Mazurov əvvəlcədən məlumatlandırılıb. Ali qonağın şərəfinə yüksək səviyyədə
ciddi hazırlıq işləri görülüb. Baş katib Minskə günorta saatlarında çatıb və birbaşa
onun üçün ayrılmış qonaq evinə yollanıb. Həmin gün üçün Xruşov heç bir işgüzar
görüş, müşavirə və iclas nəzərdə tutmayıb. Bir-iki saatlıq istirahətdən sonra
Mazurov həmin qonaq evində Xruşovla görüşüb.
Onlar qeyri-rəsmi şəraitdə
respublikadakı vəziyyəti müzakirə ediblər. Daha sonra Xruşov gələcək planları
haqqında danışıb və bildirib ki, kənd təsərrüfatı sahəsinə partiya nəzarətinin
gücləndirilməsi məqsədilə vilayət partiya komitələrini iki yerə bölməyi
planlaşdırır, yəni, kənd təsərrüfatı üzrə və sənaye üzrə vilayət partiya komitələri.
Mazurov Xruşova bu ideyasının özünü doğrultmayacağını söyləyib və belə əsaslandırıb
ki, belə olduğu halda şəhər strukturları məsuliyyətdən azad olaraq kəndlərə heç
bir köməklik göstərməyəcək. Xruşov Mazurovu sona qədər dinləmədən səsinin
tonunu qaldırıb:
- Sən
heç nə anlamırsan. Çünki sən kütsən, heç nədən anlayışın yoxdur. Sən yalnız
hamının dediklərini təkrarlayırsan. Ay kütbeyin, sən mənə ağıl qoymaq fikrindəsən?
Sən kimsən axı?
Mazurov təmkinini pozmadan fikirlərini
yenidən izah etməyə çalışıb. Ancaq Xruşov imkan verməyib:
- Rədd
ol, buradan!
Mazurov bu təhqirdən sonra da təmkinini
pozmayıb:
- Nikita
Sergeyeviç, bəlkə münasibətlərimizi aydınlaşdıraq?
- Rədd
ol, dedim, otağı tərk elə.
Xruşov Minskdən Kiyevə yollanıb.
Kiyevə çatan kimi Mərkəzi Komitənin katibi Frol Kozlova zəng vurub, Belarusiyaya
birinci katib üçün namizədlərin seçilməsini göstəriş verib.
Təbii ki, Mazurov onu nələr gözlədiyini
yaxşı anlayıb. Amma o, Xruşovu nələr gözlədiyini bilməyib. Xruşov Belarusiyaya
birinci katib namizədlərini araşdıranda, Mazurovu vəzifədən uzaqlaşdırmaq istəyəndə,
1964-cü il oktyabr plenumunda onun özünü vəzifədən uzaqlaşdırıblar.
Brejnev hakimiyyətə gəldikdən sonra
kadr islahatları keçirəndə Mazurovu Moskvaya dəvət edib və onu SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin edib. Amma Mazurov Brejnevlə də münasibətləri
tənzimləyə bilməyib.
Ümumiyyətlə, Mazurov olduqca
bacarıqlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik, siyasi cəhətdən mükəmməl
bir kadr sayılıb. Onun yeni vəzifədəki fəaliyyəti istər öklədə, istərsə də
xaricdə diqqətçəkən olub. Hətta bəzi qərb ölkələri Mazurovu gələcəkdə SSRİ-nin
rəhbəri kimi görüblər. Sözsüz ki, bu da Brejnevi narahat edib.
Brejnev Mazurovla bağlı
"narahatlığını” aradan qaldırmaq üçün tədbir görməyi zəruri sayıb. Mazurovun
başçılığı ilə SSRİ nümayəndə heyətinin Vyetnama səfərini televiziya ilə göstərəndə
Brejnev ilk dəfə "qısqanclığını” Mixail Suslova bildirib:
- Mixail
Andreyeviç, partiyanın baş ideloqu kimi sizə elə gəlmir ki, biz Mazurovu həddindən
artıq şişirdirik?
Suslov dərhal Mazurovla bağlı kursu
hansı istiqamətə yönləndirməyi anlayıb.
Brejnev-Mazurov münasibətləri
1978-ci ildə pik həddə çatıb. Həmin ilin
payız aylarında Kremldə bir neçə nəfər arasında Brejnevin üçüncü dəfə Sosialist
Əməyi Qəhrəmanı adı ilə təltif olunması məsələsi müzakirə olunanda Mazurov buna
etirazını bildirib:
Suslov Mazurovun bu münasibətini
Brejnevə çatdırıb. Leonid İliç Mazurovla açıq danışığa gedib:
- Biz
uzun illər partiyaya xidmət etmiş silahdaşlarıq. Amma belə düşünürəm ki, artıq
sizin siyasi səhnədən getmək vaxtınız yetişib. Büro belə qərara gəlib ki, siz
könüllü olaraq öz ərizənizlə getsəniz daha yaxşı olar. Və açığını deyim ki, mən
sizinlə işləmək istəmirəm.
Mazurov Brejnevlə müzakirə açmayıb
və fikrini bir cümlə ilə bildirib:
- Leonid
İliç, əgər bilmək istəyirsinizsə, heç mən də sizinlə işləmək istəmirəm.
Bununla da Kiril Mazurovun vəzifə
karyerasına son qoyulub.
Brejnevin dəfni zamanı növbəti baş
katib olacaq Yuri Andropov mərasimdə iştirak edən Mazurovla görüşüb. Mazurov bu
görüşü arzuolunmaz sayaraq bir cümlə işlədərək Andropovdan uzaqlaşıb:
- Mənə
qarşı böyük ədalətsizlik etdiniz.
İlham Cəmiloğlu
Sfera.az