Mikayıl Cabbarov qiymət artımının qarşısını almaq üçün əsas planlarını AÇIQLADI
14:29 / 05.01.2022
809
"Gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaq, 100 %-lik lokalizasiyaya nail olmaqdır".
Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcuddur:
"Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması bu cür sahibkarlıq subyektlərinin, xüsusilə gənc sahibkarların məşğulluqda iştirak payının daha da yüksəldilməsinə gətirəcək. Hökumətin qarşıdakı dövrdə də əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan emal sənayesinin sürətli inkişafıdır. Regionların spesifikası nəzərə alınmaqla, məhsul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərindən geniş istifadə ediləcəkdir”.
M.Cabbarov vurğulayıb ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və təbii olaraq, dünya bazarlarında müşahidə olunan proseslərin təsirlərini hiss edir: "Son illərdə dünyada istisnasız olaraq bütün ərzaq məhsullarının qiymətlərində kəskin artımlar qeydə alınır. Bunun üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qlobal əmtəə, o cümlədən ərzaq qiymətlərinin qalxması ilə bağlı yaydığı məlumatlara diqqət yetirmək kifayətdir. Müşahidə olunan qiymət artımları son 30 ilin ən yüksək göstəricisidir. Qiymətlərin artımına səbəb olacaq bir çox proseslər mövcuddur və bu proseslərin dinamikası, təəssüf ki, getdikcə daha da artır. Ölkəmizin daxili bazarında qiymət artımlarının əsas səbəblərindən biri məhz idxal olunan məhsulların idxal bazarlarında qiymətinin artmasıdır. Əsas idxal bazarları olan bir sıra ölkələrin öz daxili bazarında qiymət sabitliyini təmin etmək, eyni zamanda, ərzaq ehtiyatlarını yaratmaq istiqamətində reallaşdırdıqları intervensiyalar da bu prosesə əlavə yük yaradır. Son bir ildə baş verən bu artımlar daxili bazarda idxal olunan bütün məhsulların satış qiymətlərində özünü göstərir. Eyni zamanda, idxal olunan xammal komponentlərinin qiymət artımı səbəbindən daxildə istehsal olunan yerli məhsulların da satış qiymətləri yüksəlməyə başlayıb. Təəssüf ki, bizim də bu sahədə idxaldan asılı komponentlərimiz mövcuddur. Bir çox məhsulların daxili dəyər zənciri hələlik tam şəkildə formalaşmayıb. Məhsulun maya dəyərini formalaşdıran bir sıra xərclərin - daşınma, enerji, xammal və s. artması da nəzərə alınmalıdır”.
O xatırladıb ki, 2021-ci ilin 9 ayı üzrə idxal qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,5 % artıb: "Hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər, sirkə, tütün məmulatları və onun əvəzediciləri üzrə idxal qiymətləri indeksi isə 25,1 % yüksəlib. Qiymətləndirmələrə əsasən, cari ilin yanvar-oktyabr aylarında inflyasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 % təşkil edib ki, bu da əsasən ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin 6,7 % təşkil etməsi hesabına formalaşıb. Beləliklə, daxili bazarda istehlak qiymətləri indeksinə obyektiv təzyiq mövcuddur. Bu, sərbəst qiymətlərlə formalaşan bir bazardır və bu prosesə dövlətin inzibati müdaxilə imkanları məhduddur. Dövlət tənzimlənən qiymətlərin dəyişməsi zamanı rəqabət mühitinin pozulması hallarını aşkar edir və qarşısını ala bilir".
M.Cabbarovun sözlərinə görə, bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bazarda müxtəlif məhsulların qiymətinin mütəmadi monitorinqi aparılır və bazar araşdırmaları həyata keçirilir: "Əmtəə qiymətlərinin yüksəlməsi təkcə bizim ölkədə deyil, digər dövlətlərdə də gedir. Xüsusilə də daxili bazarımız üçün əhəmiyyətli rol oynayan Azərbaycanın əsas ticarət tərəfdaşlarında bu proses sürətlənməkdədir. Qiymətləndirmələrə görə, yaxın dövrlərdə Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna və İran kimi əsas tərəfdaşlarımızda Azərbaycan ilə müqayisədə daha yüksək inflyasiya proqnozlaşdırılır. Ərzaq təhlükəsizliyi bundan sonra da dünya üçün qlobal prioritet olacaq. Əlbətə, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi bir nömrəli vəzifədir”.
Nazir bildirib ki, Azərbaycan hökuməti qiymət artımlarının təsirlərini minimuma endirmək üçün bütün müvafiq addımları atır və 2022-ci ilin dövlət büdcəsi əhalinin gəlirlərinin artırılması komponentini nəzərə almaqla formalaşdırılıb: "Hesab edirik ki, bu, qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaq. Müsbət məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatların 2022-ci il üzrə əmtəə və ərzaq qiymətləri indeksinə dair proqnozlarında 2021-ci illə müqayisədə nisbətən azalma, əsas ticarət tərəfdaşı olan ölkələrdə istehlak qiymətləri indeksinin 2021-ci illə müqayisədə qismən aşağı proqnozları mövcuddur”.