Azərbaycanda mer seçkiləri keçiriləcək? - AÇIQLAMA
Gündəm
14:13 / 14.12.2021
1262
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsini təklif edib. Qeyd edilib ki, bəzi rayonlar iqtisadi cəhətdən özünü doğrultmur və bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir, bu səbəbdən bəzi rayonlar birləşdirilməlidir. Digər tərəfdən məlumat yayılandan dərhal sonra, vətəndaşların bu istiqamətdə fikirlərinin birmənalı olmadığı müşahidə edildi.
REAL partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli bununla bağlı Sfera.az-a açıqlamasında deyib ki, Azərbaycanda bəzi rayonların ləğv edilməsi məsələsi ilk dəfədir müzakirə obyekti olmur və yenidən gündəmə gəlib:
"Amma yanaşmanın doğru olmadığını düşünürəm. Əslində uzun illər bundan öncə də, bizim ictimai çıxışlarımız və sənədlərimizdə təkliflər paketi var idi. Son zamanlar bu yöndə müəyyən addımlar atılıb. Yəni Azərbaycanın inzibati ərazi bölgüsünün yenidən dizayn olunmasına ehtiyac yoxdur. Prezidentin bu yaxınlarda 14 iqtisadi rayonun yaradılması ilə bağlı pozitiv fərmanı olmuşdu. Buna Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonları da daxildir. İndi əsas məsələ coğrafi olaraq iqtisadi rayonlara bölünmüş ərazilərin inzibati ərazi vahidinə çevrilməsinə ehtiyac var”.
Müsahibimiz qeyd edib ki, rayonların ləğvindən daha çox, idarəetmənin strukturunun dəyişdirilməsinə, yeni fəlsəfə ilə idarə edilməsinə tələbatdan söz gedə bilər:
"İqtisadi rayonlar əsasında 14 inzibati vahid yaradılacaqsa, sonrakı mərhələdə rayon, qəsəbə, şəhərlərdə bələdiyyələrin gücləndirilməsi və birbaşa mer seçkilərinin təşkili də önəmlidir. Rayonların ləğvi çıxış yolu deyil – nə iqtisadi, nə siyasi, nə də idarəetmə nöqteyi-nəzərindən. Yeni idarəetmə modelinin və inzibati ərazi bölgüsünün ölkəyə gətirilməsi daha maraqlı və doğru yanaşma olardı”.
Günay Rəsulqızı
Sfera.az