“Bu, terror hadisəsi, yaxud kənar qüvvənin məqsədyönlü hücumu deyil” – Polkovniklə MÜSAHİBƏ
Gündəm
14:12 / 01.12.2021
735
Ehtiyatda olan polkovnik Şair Ramaldanovun
Sfera.az-a müsahibəsi:
- Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin
(DSX) Mi-17 tipli 20136 bort nömrəli helikopteri Xızı rayonu ərazisində saat
10:36-da qəzaya uğrayıb. Qəza ilə bağlı rəsmi məlumat isə bir neçə saat sonra
verildi. Sizcə, Dövlət Sərhəd Xidmətinin qəza xəbərini bu qədər gec verməsinin
səbəbi nədir?
- Hesab etmirəm ki, Dövlət Sərhəd Xidməti qəza xəbərini
gec verib. Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya
eniş edərkən qəzaya uğrayıb. Mən isə artıq saat 12 radələrində xəbəri rəsmi
kanallardan almışdım. Hətta mən qəza xəbərindən sonra bir neçə televiziya
kanalında müsahibə verdim. Baxın, qəza 10:36-da baş verib, lakin bu o demək
deyil ki, həmin andaca ictimaiyyətə məlumat verilməlidir. Qəza yerinə baxış
keçirilməli, qəza ilə bağlı məlumat toplanmalı, təfərrüatları araşdırılmalı və
aşkarlanmalıdır ki, ictimaiyyətə də məlumat verilsin.
Qəzanın baş verdiyi Qaraheybət təlim meydanı çöllük
bir ərazidir. Həmin əraziyə getmək, qəzayla hadisə yerində tanış olmaq da müəyyən
bir vaxt tələb edir. Bu mənada hesab etmirəm ki, rəsmi qurum gec reaksiya verib.
Əksinə DSX mətbuat xidməti vaxtında rəsmi məlumat verdi.
- Hadisədən sonra Baş Prokurorluğun İstintaq İdarəsində
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq
davam edir. Bununla belə ilkin açıqlamalarda helikopterin təlim meydanında təyin
olunmuş meydançaya eniş edərkən qəzaya uğradığı bildirib. Sizcə, helikopterin təlim
meydançasına eniş edərkən qəzaya uğraması nə ilə əlaqədərdir: texniki problem,
yoxsa uçuş öncəsi səhlənkarlıq...
- Qəzanın təfərrüatları ilə bağlı indiki etapda nəsə
demək doğru deyil. Bu, mütəxəssis yanaşması olmaz. Qeyd etdiyiniz kimi hadisə
ilə bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlanıb. Hesab edirəm ki, qəzanın təfərrüatları
ilə bağlı müfəssəl məlumatı həm istintaqın yekunu, həm də helikopterin qara
qutusu açılandan sonra əldə etmək olar. Bu baş verəndən sonra ictimaiyyətə də məlumat
veriləcək. Hər halda hadisə haqda məlumat almaq vətəndaşların da haqqıdır.
Hazırda bu və ya başqa formada sualların yaranmasını da anlayıram. Ancaq hesab
edirəm ki, bu məsələdə tələsmək lazım deyil və istintaqın yekunu və qara
qutudan əldə ediləcək məlumatları gözləmək lazımdır.
- Helikopter qəzası ilə bağlı səslənəndirilən
versiyalardan biri də işin arxasında xarici qüvvələrin dayanması haqdadır. Necə
düşünürsünüz, bu mümkündür?
- Belə bir sualın verilməsi normaldır. Adətən bu
kimi hallarda hadisənin xarici qüvvələr tərəfindən gerçəkləşməsi ehtimalı olur.
Lakin həm də məntiqlə düşünmək lazımdır. Əvvəla, onu bilmək lazımdır ki,
helikopter uçuş öncəsi bir yox, bir neçə texniki baxışdan keçir. Eyni zamanda
uçuş meydançası yoxlanılır. Bunlar helikopterin uçuşa hazırlıq mərhələsidir. Bu
müddət ərzində isə həm də uçuş əsnasında təhlükəsizlik tədbirləri görülür.
Yekunda uçuşa hər hansı bir maneə və ya təhlükə yoxdursa icazə verilir. O ki
qaldı qəzanın xarici qüvvələr tərəfindən həyata keçirilməsinə, bunu real saymıram.
Baxın, döyüş helikopteri mülki helikopter deyil ki, hansısa "H" işarəti
olan yerdə dayansın və açıq hədəf olsun. Bundan başqa hərbi helikopterlərin
olduğu aerodromlar çox ciddi şəkildə qorunur. Bu məsələyə detallı toxunmaq istəmirəm,
ancaq ümid edirəm ki, necə və nə cür qorunduğunu anladınız. Bütün bunları nəzərə
alaraq deyə bilərəm ki, bu hansısa terror hadisəsi və ya kənar qüvvənin məqsədyönlü
hücumu deyil.
- Qaraheybətdə baş verən qəza 30 il öncəki Qarakənd
faciəsini xatırlatdı...
- Qarakənd faciəsini yaxşı xatırlayıram. Lakin hər
iki hadisənin helikopter qəzası olması və hadisələrin baş verdiyi ərazilərin
adlandırılmasındakı "qara” sözündən başqa heç bir oxşarlıq görmürəm.