“Ərdoğandan sonra hakimiyyətə gələcək lider məcburdur ki...” – Müsahibə

“Ərdoğandan sonra hakimiyyətə gələcək lider məcburdur ki...” – Müsahibə
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Sfera.az-a müsahibəsi:

- Elxan müəllim, Türkiyədə lirənin sürətli ucuzlaşması davam edir. Türkiyənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir. Mövcud vəziyyəti necə şərh edərdiniz?
 
- Hazırda Türkiyə iqtisadiyyatında ciddi təlatümlər yaşanır. İnflyasiya sürətlənir, lirə sürətlə dəyər itirir. Təbii ki, bu da öz növbəsində hər şeyin qiymətinə təsir edir. Ərzaq, mənzil, avtomobil, digər məhsul və xidmətlərin qiyməti artır. Bu da öz növbəsində vətəndaşların etirazına səbəb olur. Bu mənada keçirilən etirazların həm də obyektiv səbəbləri olduğunu deyə bilərik. Lakin istisna etmirəm ki, mövcud etirazlarda xarici qüvvələr və onların daxildəki əlaltılarının payı da var. Aydın məsələdir ki, bu qüvvələr Türkiyənin zəifləməsini istəyir. Xatırlayırsınızsa, bir neçə il öncə Türkiyədə bənzər hadisələr baş vermiş, Gezi parkında bir neçə ağacın kəsilməsi fonunda geniş etiraz dalğası başlamışdı. Hətta həmin hadisələr zamanı Fəttulah Gülənin tərəfdarları da aktivləşmiş və etirazların genilənməsində dəstək vermişdi. Görünür, həmin qüvvələr indi daha ciddi arqumentlərlə insanları ayağa qaldırmağa çalışır və Türkiyədə i̇kinci Gezi parkı hadisələrini yaratmaq istəyir.
 
İndiki halda Ərdoğan hökumətinin qarşısında duran başlıca məsələ iqtisadiyyatın sabitləşdirilməsidir. Bu istiqamətdə ölkəyə xarici investorların cəlb edilməsi, iqtisadi islahatların dərinləşdirilməsi lazımdır.
 
- Sizcə, Türkiyə erkən seçkilərə gedə bilərmi?

- Ərdoğan dəfələrlə sübut edib ki, o böhranlı vəziyyətlərdən çıxa bilən liderdir. Hansı ki, ona qarşı bir neçə dəfə çevriliş cəhdi olub. İqtisadiyyatda da zaman-zaman geriləmələr olub. Bunun da qarşısı alınıb. Sonuncu dəfə isə yay aylarında Türkiyədə tarixin ən böyük meşə yanğınları oldu. Bu məsələni çoxları dilə gətirmir, lakin bu belə özlüyündə Türkiyə iqtisadiyyatına ekoloji cəhətdən vurulan ziyan idi və bu ziyanda məhz xarici qüvvələrin əli var. Yəni Ərdoğan bu günə qədər xaricdən ona qarşı gələn siyasi, iqtisadi, hətta ekoloji zərbələrə qarşı gəlib. Ehtimal ki, hazırkı problemdən də çıxış yolu tapa biləcək. Məndə olan məlumatlara görə artıq bu istiqamətdə ərəb ölkələri ilə danışıqlar gedir. Ərəb ölkələrinin Türkiyəyə geniş bir investisiya ayırması gözlənilir. Ehtimal ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhdi Məhəmməd bin Zayed ən-Nəhyan bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə məhz bu məsələ üçün gələcək. 
 
Türkiyəyə xarici valyuta axını olsa, məncə, mövcud vəziyyət müəyyən mənada yaxşılaşa bilər. O ki qaldı, Türkiyənin erkən seçkilərə getməsinə bunun olacağını düşünmürəm. Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin yüz illiyinə - 2023-cü ilə qədər istefa verməyəcək, o həmin tarixdə böyük meqa layihələrin işə düşməsinə şahidlik etmək istəyir. Özü də dünən bunu vurğuladı. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, Ərdoğan 20 ilə yaxındır ki, iqtidardadır və o bu günə qədər heç vaxt müxalifətin təzyiqlərinə boyun əyməyib. Düzdür, AKP-nin reytinqi son hadisələrlə əlaqədər bir qədər düşüb. Elə məhz bu səbəbdən də hakim partiyanın reytinqinin azalması fonunda erkən seçki Ərdoğanın maraqlarına uyğun deyil.
 
- Elxan müəllim, Türkiyədə 2023-cü ildə keçiriləcək prezident seçkilərində Ərdoğan məğlub olsa və iqtidar dəyişsə bu mövcud Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə bilərmi?
 
- Əlbəttə. Ərdoğanın Türkiyə - Azərbaycan siyasi və hərbi ittifaqının güclənməsi üçün gördüyü işlər danılmazdır. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsində Ərdoğanın dəstəyini inkar etmək mümkün deyil. Misal üçün, Türkiyədə hakimiyyətdə Süleyman Dəmirəl kimi biri olsaydı, Azərbaycan eyni dəstəyi almaya da bilərdi. Ancaq bu o demək deyil ki, Ərdoğandan sonra Türkiyə-Azərbaycan siyasi və hərbi ittifaqı zəifləyəcək. Ərdoğanın səyi ilə bu ittifaq elə bir şəkil alıb ki, onun yerinə gələn bu siyasəti davam etdirməli olacaq, "Şuşa bəyannaməsi”nə uyğun siyasət yürüdəcək. Digər tərəfdən, Türkiyə ilə Azərbaycanın hərbi və müdafiə sistemləri xeyli inteqrasiya olunub. Türkiyədə növbəti Cümhurbaşqanı bu amili də nəzərə almaq məcburiyyətində qalacaq. Ona görə də Ərdoğan sonrası Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi barədə narahat olmağa dəyməz.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR