"Anastas, bu banan kartof dadı verir, götür birini yoxla..." - Stalinin qəzəbi Beriyanı yuxusuz qoydu, nazir işdən çıxarıldı

Bütün dövrlərdə dövlət başçılarının qida rasionu xüsusi nəzarət altında saxlanılıb. Bu məsələdə birinci şərt təhlükəsizlik, ikinci şərt isə birincilərin qida zövqü olub. Elə liderlər olub ki, onlar öz qida rasionlarına laqeyd yanaşıblar, yəni süfrəyə nə gəldisə, onunla qane olublar. Elələri də olub ki, menyularına şəxsən özləri nəzarət edib.

İosif Stalin mətbəx işlərinə heç vaxt qarışmayıb. Onun menyusu xidməti personal tərəfindən müəyyənləşdirilib. Stalin çox nadir hallarda istədiyi ərzaq məhsulunnun süfrəyə gətirilməsini xahiş edib. Bu "istək”lərdən biri də banan olub ki, sovet lideri bu meyvəni hədsiz dərəcədə xoşlayıb.



Qeyd edək ki, banan SSRİ-yə ilk dəfə 1938-ci ildə gətirilib. Buna qədər bu ekzotik meyvə yalnız Çar Rusiyası dövründə, 1910-1915-ci illərdə Moskvanın ən bahalı dükanlarında satılıb. Sovet hökuməti qurulduqdan sonra isə SSRİ vətəndaşları bananın nə olduğunu bilməyiblər. Yalnız 1939-cu ilin yanvar ayının 15-də SSRİ-nin aldığı 20 ton banan ilk olaraq satış üçün Moskva, Leninqrad və Kiyevin qastranomlarına paylanılıb. Kiyev qəzetlərində bununla bağlı maraqlı anonslar gedib: "Banan Kiyevə gəlir”, "Yaxın günlərdə Kiyev qastronomlarında ekzotik qoxu olacaq” və s.

SSRİ-yə gətirilən ilk bananlardan Stalinə də təqdim olunub. Meyvə onun hədsiz dərəcədə xoşuna gəlib. İkinci dünya müharibəsi başlanandan sonra bananın SSRİ-yə idxalı dayanıb. Amma "vneştorq” daimi olaraq Stalinin banan tədarükünü görüb.

1945-ci ildə Stalin SSRİ-yə bananın idxal olunması ilə bağlı Anastas Mikoyana tapşırıq verib ki, Moskva və müttəfiq respublikaların paytaxtlarında banan satışını təşkil etmək lazımdır. Mikoyan banan həvəskarı olmadığından bu məsələyə ciddi yanaşmaq istəməyib və Stalinə bildirib ki, bananın alınması üçün kifayət qədər valyuta sərf etmək lazımdır. Stalin çıxış yolunu erməni nazirə başa salıb:

- Biz onlara hərbi texnika, onlar bizə banan.

Bununla da məsələ həll olunub. Banan əsasən Çindən və Vyetnamdan idxal olunub.



Banan SSRİ-yə iki növdə göndərilib, tam yetişməmiş və qurudulmuş. Tam yetişməmiş, yaşlı rəngli məhsul ona görə göndərilib ki, daşınma müddəti nəzərə alınıb. Artıq SSRİ vətəndaşları da yaxşı biliblər ki, yaşıl rəngli bananı kağıza büküb qaranlıq yerdə bir neçə gün saxladıqdan sonra o, tam yetişir.

Banan üçün Moskvanın və SSRİ-nin digər böyük şəhərlərindəki mağazalarda uzun-uzadı növbələr düzülüb. Bu meyvə sovet ailələrində az qala bayram simvoluna çevrilib. Amma çox keçməmiş sovet ailələri üçün bayram ovqatı yaradan banan, sovet məmurları üçün kifayət qədər ciddi problem yaradıb.
Belə ki, 1951-ci ildə, həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin müavini olan Anastas Mikoyan Suxumidə istirahət edərkən, Stalin də həmin şəhərdə dövlət bağında istirahətdə olub.
 
 
Mikoyan öz həyat yoldaşı ilə onu ziyarət etməyə gedib. Həmin axşam Georgi Malenkov da Suxumiyə gəlib. Stalin ziyafət təşkil edib. Qonaqlıq xeyli uzanıb. Gecə saat 4-də süfrəyə Stalinin sevdiyi meyvəni, bir vaza banan gətiriblər. Stalin bananı yeyəndə üzünü Mikoyana tutub:
 
- Anastas, bu banan kartof dadı verir. Götür birini yoxla, keyfiyyətinə qiymət ver.

O, Malenkova da banan yeməyi təklif edib. Mikoyan bananı yedikdən sonra fikrini bildirib:

- Bəli, yoldaş Stalin, tam yetişməyib, ona görə bu cür dad verir. Yetişməyini gözlmək lazım idi.

Mikoyan elə düşünüb ki, irad Stalinin ötəri bir fikridir. Amma yox, Stalin məsələni ciddiləşdirib:

- Yox, Anastas, söhbət yetişib-yetişməməkdən getmir. Bananın keyfiyyəti problemlidir. Buna nəzarət edən yoxdur?
Söhbətə Malenkov müdaxilə edib:

- Əlbəttə ki, var, yoldaş Stalin, Xarici Ticarət Nazirliyi birbaşa buna nəzarət edir, cavabdehlik daşıyır.

- Mən bunu hiss etmirəm, necə ola bilər ki, ölkəyə gətirilən mallar nəzarətdən keçmədən istifadəyə verilir.
 
Mikoyan vəziyyətin ciddiliyini hiss edib məsələni yumşaltmağa çalışıb:

- Yoldaş Stalin, mən xarici ticarət naziri olmuş bir şəxs kimi deyə bilərəm ki, daxil olan bütün mallara nəzarət var. Amma qutularda gələn bananların hamısını bir-bir yoxlamaq mümkün deyil.

- Bəs onda bunu necə anlayaq, sən nazir olanda banan keyfiyyətli olurdu, indi nazir Mixail Menşikovdur, banan keyfiyyətsizdir. Deməli, onun işi keyfiyyətsizdir. Bu məsələni ciddi araşdırmaq lazımdır. Mən bunu sizin ikinizə həvalə edirəm və bir də Beriyaya.

Stalin elə həmin otaqdakı telefonla Beriyaya zəng vurub:

- Lavrenti, sənin bu vaxt yatmağının nəticəsidir ki, Xarici Ticarət Nazirliyinin fəaliyyətindəki qüsurlar mənim masamın üstünə gəlib çıxır.

Stalin telefonda qısa şəkildə məsələni Beriyaya agah edib. Beriya isə bu vaxtsız zəngə həmişə olduğu kimi konkret cavab verib:

- Məsələ ilə bağlı ən ciddi tədbirlər görüləcək.



Moskvaya qayıtdıqdan sonra Malenkov, Beriya və Mikoyan görüşüblər. Müzakirələrdən sonra üçlük belə qərara gəlib ki, "banan işi” adı altında cinayət işi qaldırmaq mənasız məsələdir. Amma buna baxmayaraq, Stalini sakitləşdirmək üçün onlar xarici ticarət naziri Mixail Menşikovu vəzifəsindən azad olunması ilə bağlı qərar çıxarıblar.

Beləliklə də, kilosu 2 rubl olan banana görə, 2 il nazir postunda əyləşən Menşikov öz vəzifəsi ilə vidalaşıb.

Siyasi fəaliyyətində olduğu kimi, ən adi məsələlərdə də Stalinin kaprizləri bitib tükənməyib. Amma təbii ki, məsələ bananda deyildi, diqqətli olmaqdaydı...
 
İlham Cəmiloğlu
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR

Qaz limitinin artırılması ilə bağlı təklif!

Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.   Sfera.az xəbər verir ki, belə bir təkliflə deputat Siyavuş Novru...

İllərlə xizək itlərini öldürdüklərinə görə polisdən təzminat alacaqlar

Kanadalı eskimoslar illərlə inuit xizək itlərini öldürdüklərinə görə polisdən təzminat alacaqlar.   Sfera.az bildirir ki, Kanadanın yerli hakimiyyət or...

Leyla Əliyeva və Arzu Əliyeva Memarlar İttifaqını ziyarət etdilər -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, həmçinin Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Azərbaycan Me...

Putin "Şimal-Cənub" dəhlizinə xüsusi nümayəndə təyin edib

Rusiya Prezidenti Vladimir Putin baş nazirin müavini Vitali Savelevi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə prezidentin xüsusi ...

Heç vaxt belə olmamışdı: İki nazirimiz gecə 4-də…

Bakıda keçirilən COP29-un əvvəlki COP-lardan fərqi nə oldu və nə ilə yadda qaldı?   Sfera.az bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osma...

Bakı-Qazax yolunda zəncirvari qəza: yaralılar var

Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.   Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunda Padar kəndi ərazisindən keçən hiss...