“Cərimələr artırılsın, polisə əlavə səlahiyyətlər verilsin” – Siqaret çəkənlər cəzalandırıla bilər

“Cərimələr artırılsın, polisə əlavə səlahiyyətlər verilsin” – Siqaret çəkənlər cəzalandırıla bilər
Qapalı məkanlarda tütün məhsullarından istifadə qadağan olunsa da, əksər kafe və restoranlarda insanlar rahatlıqla siqaret çəkə bilir. Bu da öz növbəsində ətrafdakı şəxslərin rahatlığının pozulması ilə nəticələnir.
 
Mövcud qanunu pozanları 1200 manatadək cərimə gözləsə də, ciddi nəzarət rejiminin olmaması cərimə qorxusunu da arxa plana atıb.

Maraqlıdır, problemin həlli nədədir?

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Arzu Nağıyev qapalı məkanlarda tütün məhsullarından istifadə edən şəxslərə daha yüksək cərimə tətbiq etməyin zəruriliyini bildirib:
 
"İnkişaf etmiş ölkələrdə mehmanxanalarda və iaşə obyektlərində tütün məhsullarından istifadə üçün xüsusi yerlər təşkil edilir. Hətta bəzi ölkələrdə mehmanxalarda qonaqlara əvvəlcədən siqaret istifadə edib-etməmələri ilə bağlı sual verirlər və buna daxildə nəzarət edilir. Düşünürəm ki, Azərbaycanda da bu qaydanın pozulması ilə bağlı tətbiq olunan cərimənin miqdarı artırılmalıdır ki, belə hallar yaşanmasın”.
 
Millət vəkili sözügedən qaydanın yerinə yetirilməsi üçün hüquq mühafizə orqanlarının səalhiyyətininin artırılmalı olduğunu deyib:

"Əgər bir məkanda siqaretdən istifadəyə qadağa qoyulubsa, ilkin növbədə qaydaya əməl olunmasını təmin etməyən obyekt sahibi cəzalandırılmalıdır. Obyekt sahibləri bu qaydaya ciddi yanaşsalar, problem yaşanmaz. Pandemiya ilə əlaqədar qapalı məkanlarda maska zərurətinə ciddi nəzarət olduğu kimi tütün məhsullarından istifadəyə də nəzarət olmalıdır. Bununla bağlı hüquq mühafizə orqanlarının səlahiyyətləri artırılmalıdır”.
 
Əzizə Zeynal
 
 
 

OXŞAR XƏBƏRLƏR