Azərbaycanda köhnə avtomobillər kəskin bahalaşacaq – YENİ QİYMƏTLƏR
Gündəm
13:28 / 03.11.2021
6233
Vergilər Məcəlləsində 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək əlavə və dəyişikliklər Azərbaycanda köhnə avtomobillərin bahalaşmasına səbəb olacaq.
Sfera.az bildirir ki, nəzərdə tutulan dəyişikliyə əsasən istehsal tarixindən 7 il və daha çox keçən avtomobillərin idxalına tətbiq edilən aksiz vergisi 20 faizdən 50 faizə qədər artırılacaq. İdxal edilən avtomobil benzinlə çalışırsa, aksiz vergisi 20 faiz, dizel mühərriki ilə işləyirsə 50 faiz çox hesablanacaq.
Artım nisbətdə böyük olsa da mütləq göstəricilərdə yüksək olmayacaq. Çünki ölkəmizə idxal edilən avtomobillərin böyük hissəsinin mühərrik həcmi 1,3-1,8 litrdir. Bu həcmdə mühərriki olan avtomobillərdən alınan aksiz vergisi hazırda 390-540 manat məbləğindədir. 2022-ci ildən idxal ediləcək kiçik həcmli avtomobillərə görə aksiz vergisi benzinlə işləyən avtomobillərdə 78-108 manat, dizel yanacağı ilə işləyən avtomobillərdə 195-270 manat artacaq.
Qaydalara əsasən avtomobil idxalından alınan ƏDV ümumi xərclərdən tutulduğundan əlavə məbləğlər daha 18 faiz artacaq. Bu halda köhnə avtomobil idxal edənlər yekunda 195-270 manat yox, 230-319 manat əlavə vergi (aksiz və ƏDV) ödəyəcək.
Əgər mühərrikin həcmi 2 litrdən böyükdürsə, o halda vergi xərcləri daha çox olacaq. Məsələn, 2,5 litr dizellə işləyən köhnə avtomobilin idxalına görə hazırda 3100 manat aksiz vergisi ödənilir. Gələn ildən aksiz vergisi 1550 manat, ümumi gömrük xərcləri isə 1830 manat artacaq.
Bu şərtlər daxilində ölkəmizdə köhnə avtomobillərin, xüsusən də dizel mühərriki ilə təmin edilən avtomobillərin dəyəri yüksələcək. Köhnə avtomobillərin bahalaşması köhnə ehtiyat hissələrinin də bahalaşmasına səbəb olacaq.
Qeyd edək ki, bu il vergilər artırılmadan da avtomobillərin dəyərinin yüksəlməsi müşahidə edilirdi. Bunun səbəbi əmtəə bazarlarında qiymətlərin artması və tələbin güclənməsidir. Belə bir vəziyyətdə vergilərin artırılması daxili bazarda köhnə avtomobillərin daha çox bahalaşmasına səbəb olacaq.
Vasif
Sfera.az