Alıcılıq qabiliyyəti sürətlə düşür - Manatın məzənnəsi ilə bağlı YENİ QƏRAR verilə bilər
14:02 / 25.10.2021
1787
Son zamanlar Türkiyənin milli valyutası - lirənin məzənnəsi, dünyanın aparıcı valyutası - dollara nisbətdə sürətlə dəyərdən düşür.
Bu proses manata təsir edəcəkmi?
Sfera.az bildirir ki, bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli fikirlərini bölüşüb. Onun sözlərinə görə, manatın alıcılıq qabilliyətinin düşməsi prosesinin çox sürətlə getməsi devalvasiya mənasına gəlmir:
"Azərbaycan manatının məzənnəsi birjalarda müəyyən olunmur, inzibati qaydada Mərkəzi Bank və hökumət tərəfindən müəyyənləşdirilir. Uzun müddətdir ki, Azərbaycanda valyuta bazarı özünü sabit şəkildə göstərir. Ona görə də dünyada və qonşuda gedən proseslərin bizə birbaşa təsiri yoxdur. Amma manatın dəyərdən düşməsi alıcılıq qabiliyyətində özünü büruzə verir. Manatın alıcılıq qabiliyyəti kifayət qədər düşür, bunun özü də ən azı devalvasiya qədər təhlükəli bir məsələdir”.
İqtisadçı qeyd edib ki, indiki dövrdə devalvasiyaya, neftin qiymətinin 85-86 dollar olduğu dövrdə Mərkəzi Bank və Azərbaycan hökuməti hansısa bir formada məzənnə dəyişikliklərinə getməz:
"Amma bu da məlumdur ki, uzun müddət eyni bir məzənnə rejimində qalmaq da mümkün deyil. Bir müddətdən sonra növbəti illərdə istər-istəməz manatın məzənnəsi ilə bağlı müəyyən qərarların alınması lazım olacaq. Bu da daha çox neft qiymətlərindən asılı olacaq. Neftin qiyməti aşağı düşməyə başlayanda manata da təhlükə çoxalacaq. Amma bu tək neftlə də bağlı deyil – ölkənin xərcləri ciddi şəkildə artacaq, bu xərcləri qarşılamaq, hökumətin prioritet elan etdiyi turizmi, qeyri-neft seçkrorunun ixaracatını artırmaq üçün də devalvasiya lazım olacaq”.
Günay Rəsulqızı
Sfera.az