"Üçtərəfli komissiyanın görüşü siqnal xarakteri daşıyır" - Azərbaycan domino daşı effekti ilə...
Gündəm
13:30 / 22.10.2021
1134
"Maraqlı məqam ondan ibarətdir ki, baş nazirlərin müavinləri səviyyəsində yaradılmış üçtərəfli komissiyanın fəaliyyətini Ermənistan tərəfi dondurmuşdu. Bəhanə olaraq burada sərhədlərin demarkasiya və delimitasiya işlərini nəzərdə tuturdular. Amma reallıqda vəziyyət başqa cür idi”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov ötən gün baş tutan Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun növbəti görüşündən danışarkən deyib.
Müsahibimiz bildirib ki, Ermənistan tərəfi son günlərə qədər Zəngəzur dəhlizi ilə bağlı imzalanmış müqavilənin, əsasən də 11 yanvar Moskva bəyannaməsinin bəndlərinin icra olunmamasına ümid edirdi:
"Rusiyanın onlara dəstək verməsi və ya başqa formada sözügedən məsələlərin ləngiməsini arzulayırdılar. Ermənistan bu məqsədlə addım atırdı. Yaxud hansısa güzəşt almaq üçün edirdilər. Son günlər bunun mümkün olmadığını gördülər. Çünki Azərbaycan mövqeyində qəti olaraq qalıb - Zəngəzur dəhlizinin açılması ilə bağlı dəqiq mövqe sərgiləyir, hətta 11 yanvar 2021-ci il üçtərəfli Moskva bəyannaməsinin icrasını birinci Rusiyadan, eyni zamanda Ermənistandan tələb edir.
Təbii ki, Rusiyaya olan basqılar onu göstərir ki, məcburən danışıqlara getməli olacaqlar. Çünki Rusiya üzərinə öhdəlik götürüb. O, təminatçı ölkə olaraq götürdüyü öhdəliyin birtərəfli icraçısıdırsa, digər tərəfdə Türkiyə var. Ərdoğanın Soçi səfəri onu deməyə əsas verir ki, pərdəarxasında çox məsələlər müzakirə olunub. 3 saat yarım davam edən görüşdə təbii ki, təkcə Suriya məsələsi müzakirə edilə bilməz. Həm də Türkiyənin Qarabağla bağlı qəti mövqeyi ortadadır”.
Politoloq qeyd edib ki, baş nazirlərin müavinləri səviyyəsində işçi qrupunun bərpası labüd idi və baş tutdu:
"Hesab edirəm ki, bu bərpadan sonra təkcə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər deyil, eyni zamanda Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən edilməsi də gündəmdə olacaq. Həmçinin xırda detallar – kommunikasiyaların açılması, əlaqələrin qurulması, enerji xətlərinin keçməsinə qədər mövzular müzakirə edilə bilər. Danışıqların Moskvada keçirilməsi isə ortaq qərardır. Nəticə etibarilə, bu, Azərbaycan diplomatiyasının qələbəsidir. Təkcə Ermənistan üzərində deyil, Rusiya üzərində də basqı yaratma elementi deməkdir. Qeyd etdiklərim bu gücə qadir olduğumuzu göstərir. Üçtərəfli komissiyanın fəaliyyəti həm də digər məsələlərlə bağlı siqnal xarakteri daşıyır. Açılması nəzərdə tutulan Zəngəzur dəhlizi prosesinin başlanğıcı ola, domino daşı effekti ilə bir-birinə calaqlı şəkildə proseslərin getməsinə şərait yarada bilər”.
Günay Rəsulqızı
Sfera.az