Bəs, uşaqlar koronavirusdan ölmürdü? – Pediatr Sumqayıtdakı məktəbli ölümündən danışdı
Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlunun koronavirusa yoluxaraq ağırlaşması və dünyasını dəyişməsi müəyən suallar yaradır. Belə ki, sözügedən virus infeksiyasının yayılmağa başladığı ilk vaxtlardan mütəxəssislər uşaqların xəstəliyi yüngül keçirdiyini, əksər hallarda isə ümumiyyətlə simptomların hiss edilmədiyini bildirilirdi.
Bəs, 14-15 yaşlı sağlam yeniyetmənin koronavirusdan ölməsinə səbəb nə ola bilər? Hansı hallarda uşaqlarda koronavirusa yoluxmada ağırlaşma müşahidə edilə bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan pediatr Sevda Novruzova sağlam uşaqların da koronavirusdan ölmə ehtimalının olduğunu deyib:
"Məktəblinin koronavirusdan ölməsi təəccüblü deyil. Çünki hər hansı bir virus infeksiyasının, o cümlədən qripin də ağırlaşması ölümlə nəticələnə bilər. Koronavirus infeksiyasında da vəziyyət belədir. Valideynlər vaxtında həkimə müraciət edib, uşaq üçün lazımı müalicə tədbirlərini görməyəndə vəziyyət belə ola bilir. Dərslər ənənəvi formada başladıqdan sonra uşaqlarda müxtəlif növ kəskin respirator viruslar müşahidə olunur. Çünki məktəblilər bir-biri ilə yaxın təmasda olur, bu da yoluxmanı artırır”.
Pediatr uşaqların koronavirus əleyhinə vaksinasiyaya cəlb olunmasına da toxunub:
"Bəzən valideynlər uşaqlar virusa yoluxduqdan sonra xəstəliyi ciddiyə almır. Düşünürlər ki, tempratur düşər, adi xəstəlikdir, ötər və s. Lakin xəstəliyin üstünə vaxtında düşmək lazımdır ki, ağırlaşma olmasın. Sağlam uşaq da koronavirusa yoluxub, ağırlaşa bilər. Hazırda uşaqların peyvənd olunması ilə bağlı təkliflər var. Valideynlər mənfi halların yaşanmaması üçün uşaqları peyvəndləmə prosesinə cəlb etsə, yaxşı olar”.
Əzizə Zeynal






