\"İran İsraillə Azərbaycanın yaxınlaşmasından narahatdır\" - Analitik

16:00 / 28.09.2021
1374
"İran
XİN-in sözçüsü Səid Xətibzadə bildirib ki, İranın Azərbaycanla sərhəddə
keçirdiyi hərbi təlimlər bütün bölgənin sülhü və sabitliyi üçün həyata keçirilir.
Ancaq bu, Prezident İlham Əliyevin
haqlı iradlarına arqumentli və məntiqli cavab hesab oluna bilməz".
Sfera.az xəbər verir ki, bunu siyasi analitik Samir
Feyruzov deyib. Analitik sərhəddə sülhə təhdid kimi İran hərbi təlimlərini göstərib:
"Azərbaycanla sərəddə sülhü təhdid edəcək
yeganə amil İranın əsassız hərbi təlimləridir. Əslində isə rəsmi Tehran İlham Əliyevin
aşağıdakı haqlı suallarına cavab verməyi bacarmayıb:
- İran Ermənistanın işğalı dövründə niyə hərbi təlimlər
keçirmirdi?
- Niyə ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə
olarkən heç bir təlim keçirilmirdi?
- Niyə bütün bunlar biz bu torpaqları azad edib, 30
illik əsarət və işğala son qoyandan sonra edilir?
İran XİN-in sözçüsü daha sonra əsl "niyyət
sandığı"ndakı mətləblərdən birini açıqlayaraq deyib: "İran
Respublikası öz sərhədləri yaxınlığında sionist rejimin (İsraili nəzərdə tutur)
varlığına dözməyəcək və təhlükəsizlik tədbiri olaraq hər şeyi edir".
Göründüyü kimi, neofars despotizmi əslində bu açıqlama
ilə Azərbaycanın xarici siyasətinin hüdudlarına müdaxilə edir. İsrail-Azərbaycan
arasındakı əsl dostluq münasibətləri İranı qane etmir və bundan qıcıqlanır. İsraillə
dostluq münasibətlərinin yaradılması Azərbaycanın müstəqil seçimidir.
Birincisi, İsrail qondarma "erməni soyqırımı"nı tanımır. İkincisi,
erməni hücumlarından ən çox əziyyət çəkən xalqlardan biri də məhz yəhudilərdir.
Üçüncüsü, hər bir dövlət öz maraqları çərçivəsində siyasət həyata keçirir və İsrail
həmişə ölkəmizin regionda və dünyadakı ədalətli mövqeyinə öz siyasi dəstəyini
ifadə edib. İsrail təkcə "biz Azərbaycanın ərazi bütövlyünü tanıyırıq"
bəyanatı ilə kifayətlənməyib və İran kimi ölkəmizin təhlükəsizliyinə təhdid
yaradacaq məkrli planlar qurmayıb".
S.Feyruzov İranın İsrailin Azərbaycan və Türkiyə ilə
münasibətlərinin istiləşməsindən narahat olduğunu qeyd edib:
"Rəsmi Tehran Azərbaycanın İsrail və Türkiyə
arasındakı münasibəltərinin istiləşməsindən dərin narahatlıq keçirir. Rəsmi
Tehran daha da məntiqsiz açıqlama ilə İraildən gələn təhlükəni Azərbaycan üzərindən
görür. Lakin adi məntiq belə, İsrailin Azərbaycan üzərindən İrana hücum edə biləcəyi
ehtimalını rədd edir. Görünür, coğrafi və siyasi blokada şəraitinə düşən İran
"saman çöpündən yapışmağa" başlayıb və bu "saman çöpü" də
onlar üçün sərhəddəki hərbi təlimlər keçirməkdir.
Rəsmi Tehranın Qarabağdakı terrorçulara göndərilən
yardımlarla və yük maşınları ilə bağlı Prezident İlham Əliyevin sərrast iradlarına
isə cavab verməyə cəsarəti çatmayıb. Bu məsələ bir daha sübut edir ki, Qarabağdakı
terrorçulara yardım edən İranın bu istiqamət gətirdiyi bütün bəhanələr əsassızdır.
Problemin qoyuluşu isə belə olmalıdır: "İran terroru dəstəkləyir" və
hətta bunu özünün o qədər cılız "əsas"ları ilə rədd edir ki, əslində
qəsbkar mahiyyətini bir daha ortaya qoyur".
Sfera.az