“Rusiya Qarabağdakı qondarma rejimi himayə edir” – Deputatdan antiterror əməliyyatına çağırış

Gündəm
10:46 / 26.08.2021
1612
"Azərbaycan ərazisində tanınmamış separatçı qurum
mövcuddur və fəaliyyətini davam etdirir. Bu fəaliyyət Azərbaycan qanunlarına və
dövlət müstəqilliyinə qarşıdır”.
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin
deputatı Elman Məmmədov sentyabrın 2-də Xankəndidə separatçı-terrorçu rejimin
qondarma "müstəqillik günü” keçirməyə hazırlaşmasından danışarkən deyib.
O bildirib ki, separatçı rejim cinayətkar
qurumdur və bütün üzvləri həbs olunmalı, cəzalandırılmalıdır:
"Təəssüf ki, bu gün həmin ərazi Rusiya
Federasiyasının nəzarətindədir, rus sülhməramlılarının himayəsi altındadır.
Tarix boyu olduğu kimi, Rusiya bu gün də bizə tərəfdaş olduğumuzu, əməkdaşlıq
etdiyimizi, mehriban qonşuluq şəraitində yaşadığımızı deyir. Ancaq bunun müqabilində
Rusiya bizim ərazimizdə separatçı qurumu himayə edib, saxlayır. Bu elə
Rusiyanın da qanunlarımıza qarşı hörmətsizliyidir. Bunu açıq demək lazımdır.
Kimlərsə bu fikirlərin münasibətlərimizə soyuqluq gətirəcəyini düşünə bilər,
kimlərinsə xoşuna gəlməyə bilər. İstəyir soyuqluq gətirsin, istəyir lap
buzlaşdırsın.
Separatçı qurum 1991-ci ildə elə Sovetlər
İttifaqının xeyir-duası ilə yaradılıb, daha sonra Rusiya dövlətinin himayəsində
olub. Əgər belə olmasa, Azərbaycanın cinayətkar elan edib, axtarışa verdiyi
separatçı quruma rəhbərlik edənlər həbs olunardı. Rus sülhməramlıları onları həbs
edərək bizə verməli idi və separatçı qurumu ləğv edib ərazilərimizdən çıxarmalı
idilər. Təəssüf ki, bu gün ərazilərimizin bir hissəsində separatçı qurum özünün
bütün strukturları ilə mövcuddur və fəaliyyətini sərbəst şəkildə davam etdirir,
öz hərbi qüvvələri, polisləri və.s. var”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan mövcud
durumun qarşısını almalıdır:
"Bu barədə nə Rusiyadan, nə də başqa dövlətlərdən,
hər hansı beynəlxalq qurumdan soruşmalıyıq. Rusiya bir dövlət kimi razı olarmı
ki, onun daxilində separatçı qurum mövcud olsun və fəaliyyət göstərsin? Heç bir
dövlət bununla razılaşmaz. Bəs biz niyə buna göz yummalıyıq? Hesab edirəm ki,
separatçı qurumun ləngimədən məhv edilməsi üçün Azərbaycan müvafiq tədbirlər
görməlidir. Bunu biz etməliyik, bizdən başqa heç kim etməyəcək.
Əgər gözləsək ki, ya Rusiya, ya da hər hansı
beynəlxalq təşkilat edəcək, bu olmayacaq. Çünki onların himayəsi altında
separatçı qurumlar, cinayətkar dəstələr yaradılıb. Biz özümüz ərazimizdə
qanunları bərpa etməliyik. Bunun üçün də antiterror əməliyyatlarına başlayıb
rus sülhməramlılarını da torpaqlarımızdan çıxarmalıyıq, Laçın dəhlizinə də özümüz
nəzarət etməliyik, həmin separatçı qurumları da məhv etməliyik - ərazimiz birdəfəlik
təmizlənməlidir. Bunu etməsək, həmin separatçı qurum günü-gündən güclənəcək və
günlərin birində də təhlükəli faəliyyətlərinə başlayaraq bizə qarşı yenə növbəti
müharibənin başlanğıcını qoyacaqlar”.
Günay Rəsulqızı